Bakıda fəaliyyət göstərən məşhur “Laçın” ticarət mərkəzindən külli miqdarda qızıl oğurlamış qadının məhkəməsi keçirilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Gülnarə Rəhimova Qara Qarayev prospekti 105 ünvanında yerləşən mərkəzdə baş vermiş oğurluqla bağlı məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi açılıb.
Qızıl-zinət əşyaları mağazasının sahibi bildirib ki, Gülnarə onların daimi müştərisi olub. O, hər dəfə ora gələndə qızıl əşyalardan birini gizli şəkildə götürərək özü ilə aparıb və bunlar kameraya düşüb. Mağazadan ümumilikdə 1 kiloqram 200 qram çəkidə olan və dəyəri 100 min manata yaxın olan qızıl əşyalar oğurlanıb.
Barəsində cinayət işi açıldıqdan sonra Gülnarə qarşı tərəfə 3500 manat qaytarıb. Həmçinin bildirilib ki, o, oğurluq hadisələrindən sonra özünə ev alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə oğurluqda təqsirləndirilən qadın 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun bədəninə elektron qolbaq taxılıb və üzərinə bir sıra inzibati vəzifələr qoyulub.
Turqut Seyidov