Məğrib deyincə kimi orta çağ Şərq klassik ədəbiyyatında təsvir oluna İslam dünyasının əfsanəvi qərb ucqarını,
Kimi miladdan qabaq buralarda salınmış sami-kənani yaşayış məskənlərini,
Kimi Avropa səyyahlarının əsərlərini,
Kimi Əndəlusda böyük mədəniyyət yaratmış müsəlmanların sələflərini,
Kimi Əndəlusdan qovulan münfiləri (qaçqınları) və onların varislərini,
Kimi İbn Bəttutədən İbn Xəldunadək Şərq dahilərini,
Kimi müsəlman dəniz piratlarını,
Kimi Tənzimat dövründən sonrakı yeni Osmanlı qiyafətində yer alan fəs papaqlarını,
Kimi Tanjerin, Kasablankanın, Fəsin mehmanxana, bazar və köhnə qala hissələrində çəkilmiş Bondiana filmlərini, Braziliya seriallarını,
Kimi Albert Kamyunun Rabatını,
Kimi repə təkan vermiş mərəbut dərviş musiqisini,
Kimi yenə İslam sufi incəsənəti təsiri ilə Qərb rəssamlığında yaranmış kölgəsiz rəsmləri,
Kimi 1950-90-cı illərin onlarla tanınmış Qərb estrada ulduzlarının kliplərini,
Kimi maliki fiqhinin halal buyurması sayəsində formalaşmış, sonra da Avropa, xüsusən fransız mətbəxini zənginləşdirmiş dəniz canlılarından hazırlanan təamları və s. xatırlayır.
Amma Məğrib yalnız bunlardan ibarət deyil. Bunlar inkişaf üçün, milli keçmişlə qürurlanmaq, bəlkə bir az da lovğalanmaq üçün səbəbdir, zəmindir.
Yeni Məğrib təəccübləndirməyi bacaran, keçmişindən qopmadan gələcəyə doğru böyük sıçrayışa hazırlaşan modern ölkədir.
Məğribə səfərimin əsas məqsədi barəsində iki dəfə yazı yazdığım Vadi əz Zəhəbin vaxtilə üzləşdiyi separatizm problemi, bu problemin öhdəsindən necə gəlindiyi ilə yerindəcə tanış olmaq idi. Amma səfər proqramımız daha zəngin idi. Bu proqram sayəsində digər səfərdaşlarımızla birgə Məğribin keçdiyi tarixi yol, gələcəyə ünvanlı iddialı təşəbbüsləri, transmilli nəqliyyat qovşağına çevrilmək üçün həyata keçirilən infrastruktur layihələri, Məğrib mətbəxi, bəzi etnoqrafik və tarixi mədəni abidələri, müəyyən qədər də turizm imkanları ilə tanış ola bildik.
Bir zamanlar Tariq ibn Ziyad buradan keçərək qarşıdakı qayalıqları (Cəbəllütariqi) fəth etmiş, indiki İspaniyanın sami-hamilərin nəzarətinə qayıtmasının, həm də oralarda möhtəşəm İslam mədəniyyəti yaranmasının təməlini qoymuşdu
Məğribin ibrətləri
İlk diqqəti çəkən Mərakeşin 1940-cı illərin sonlarından etibarən keçdiyi siyasi istiqlal mübarizəsi yoludur. Əvvəl istiqlalını, sonra ona aid tarixi əraziləri addım-addım, qarış-qarış geri qaytaran ölkə yalnız müsəlman Şərqinə deyil, eləcə də dünyaya bir nümunə göstərə bilmişdi. Həm də bu əraziləri (Tanjeri, Aqadiri) sülh danışıqları, beynəlxalq anlaşmalarla, Vadi əz-Zəhəbi isə dinc yürüşlə geri ala bilib.
Son 1992-ci ildən bəri bölgə əhalisi repatriantlar sayəsində 10 mindən 150 minədək artıb. 12 ildən sonra geniş inkişaf proqramı sayəsində Daxlə əhalisinin iki, hətta üç dəfə artacağı gözlənilir. Region gələcəkdə meqa-liman, magistral yol, sudurulducu kompleks, enerji infrastrukturu, turizm və ekoturizm sektoru, kənd təsərrüfatının sürətli inkişafı ilə təkcə Mərakeşi deyil, həm də bütün qitəni dünya ilə birləşdirəcək əsl mərkəzə çevrilməyə hazırlaşır.
Bizi qəbul edən Vadi əz-Zəhəb vilayət şurasının sədri Yəhay əl Xəttat an yeni sakinlər içərisində repatriant səhravilərinin nisbətini öyrənmək üçün verdiyim sualın cavabında yüzdə 90 faizi deyir: “Mən də onlardan biriyəm, ailəmiz 1992-ci ildə geri qayıdıb”. “Bəs Əlcəzairdəki Tinduf düşərgələrində qalanlar nə qədərdir?” sualının cavabında o bildirir ki, əsasən Əlcəzair və beynəlxalq təşkilatların humanitar yardımlarına öyrənən, bir çox hallarda ailə üzvləri müxtəlif ölkələrdə (Əlcəzair, Avropa, Mavritaniya) yaşadığı üçün yığılıb qərar qəbul etməyənlər qalıb. Qeyd edək ki, fərqli mənbələr onların sayının 25 mindən 100 minədək olduğunu göstərir. Rəsmi Rabatın beynəlxalq birlik tərəfindən dəstəklənən muxtariyyət təşəbbüsü həyata keçiriləcəyi təqdirdə ixtilaf və qaçqınlar probleminə son qoyulacaq.
Məğriblilərin “Cənub mirvarisi” dediyi Daxlənin əlverişli coğrafi mövqeyi və təbii sərvətləri bölgəni turizm və balıqçılığın inkişafı üçün mərkəzə çevirir. Bölgə skay sörfinqlə məşğul olanlar üçün əsl cənnətdir. Mülayim iqlim, daimi küləklər, sahil xəttinin girintili-çıxıntılı olması sayəsində avropalı skay sörfinq həvəskarları il boyu Daxləyə səfər edir, obrazlı desək, okeanda çərpələng uçururlar. Ekstremal turizmi xoşlayan hər kəsin səfər etməli olduğu yerdir Daxlə. Bunqalo (daha dəqiqi, bədəvi evləri) və dağlarda oyma-köhül tipli otellerin Atlantik okeanı boyu böyük şəbəkəsi yaradılıb. Yeniləri də salınmaqdadır. Yeri gəlmişkən, bu otellərdə təqdim olunan qidalar da əsasən yerli məhsullardan hazırlanır. Atlantikin dadlı və təzə okean balıqları ilə yanaşı, digər ərzaqlar (qırmızı ət və toyuq əti, tərəvəzlər, bostançılıq məhsulları) da əsasən yerli məhsullardır. Beləliklə, turizmin inkişafı burada aqrar sahənin, qida sənayesinin də inkişafını stimullaşdırır. Vilayətin 100 000 hektar əkin sahəsini becərmək üçün əsasən durulaşdırılmış okean suyundan və səhranın altındakı böyük şirin su ehtiyatlarından istifadə edilir. Midyə Daxlədə 12 aya, digər yerlərdə 36 aya yetişir. Bu, iqlimin əlverişli olması fotosintezin yaxşı getməsi günəşli günlərin çox olması ilə bağlıdır.
Əvvəllər region daha çox dotasiya ilə yaşayırdısa, hazırda maaş digər regionlardan yüksəkdir.
Bəzən bura “yalançı səhra” da deyilir. Doğrudan da, mülayim, küləkli, az rütubətli havası daha çox dağ iqlimini andırır. Günəş işığının, küləkli günlərin çox olmasını da fürsət kimi dəyərləndirirlər. “Bu da bizim neft və qazdır” - deyir yerli məmurlardan biri. Həm külək, həm də günəş enerjisi istehsal edən qurğuların sayı günü gündən artır, əldə olunan enerjinin ixracı da nəzərdə tutulur.
Ümumən Mərakeş 2030-cu ilə qədər enerji kompleksinin 52%-dən çoxunu bərpa olunan enerji mənbələrinə keçirməyi qarşısına məqsəd kimi qoyub. 2030-cu ildən sonra ölkə səhra bölgələrində yeni günəş layihələrini, dəniz də daxil olmaqla külək elektrik stansiyalarının genişləndirilməsini və yeni su elektrik obyektlərinin inkişaf etdirilməsini planlaşdırır. 2035-ci ilədək “Əl Argoub Aérocity” layihəsi Daxləni Mavritaniya, Mali, Seneqal, Kanar adaları və Burkina Fasonun regional paytaxtlarına birləşdirən regional uçuşlar həyata keçirəcək. Daxlə Atlantik limanı köhnə Aeropostal hava yollarını xatırladan Aralıq dənizi marşrutlarını (Tanjer Med vasitəsilə) Afrika Atlantik sahillərinin və Amerika qitəsinin əsas limanlarına birləşdirəcək. Aqadir-Gergerat ekspres yolu Daxləni Mavritaniya, Seneqal və Sahel ölkələrindən keçən yol dəhlizi ilə əlaqələndirir və bölgədə torpaq mübadiləsini asanlaşdırır.
Daxlə Atlantik limanının dəyəri 1.2 milyard dollardır. Əsas tikinti işlərini mərakeşlilər həyata keçirir.
Ümumən ölkədə böyük infrastruktur layihələrini öz işçi qüvvəsinin və yerli şirkətlərin gücü ilə həyata keçirmələri ilə öyünmələrini tez-tez qabardırlar.
Məğrib xarici dairələrin ölkədə bir neçə dəfə etnik və dini zəmində qarşıdurma yaratmaq üçün böyük təxribatlarının qarşısını almaq məharəti ilə də nümunə təqdim edir.
1940-50-ci illərdə Ərəb-İsrail ixtilafı başlayanda çoxlu təhriklərə rəğmən Məğribin sayları bir neçə yüz minə çatan yəhudi icmasına qarşı hər hansı təxribata yol verilməyib. Bu gün “maqrobi” və ya “mizrahim” deyilən o yəhudilərin çoxu İsrailə və Qərbə mühacirət edib. Amma yenə də tarixi Vətənlə əlaqələrini itirməyiblər. Mərakeş hava limanlarında başqa ərəb ölkələrində təsadüf etməyəcəyiniz mənzərə ilə rastlaşa bilərsiniz - kipalı turistlərin sayı nəzərə çarpacaq dərəcədə çoxdur, son Həmas-İsrail ixtilafı da bu səfərlərə ciddi təsir etməyib. İndi həmin yəhudilər Qərbdə, xüsusən ABŞ-da Mərakeş lobbisinin əsas nüvəsini təşkil edirlər. Yeri gəlmişkən, Mərakeş qanunvericiliyinə görə, müsəlmanlarla yanaşı yəhudi əsilli şəxslər də rahatlıqla Mərakeş vətəndaşlığı qəbul edə bilər.
Rabatda vaxtilə inşa edilmiş katolik kilsələri də hifz olunur, hazırda həmin kilsələrin əsas adeptləri ölkədə yaşayan azsaylı fransızlar və Fransa müstəmləkəçiliyi dövrü burada məskunlaşan digər Afrika ölkələrindən gəlmələrin nəsilləri, eləcə də paytaxtda yaşayan Avropa vətəndaşlarıdır. 2001-ci il 11 sentyabr hadisələri zamanı kral ABŞ xalqı ilə həmrəylik mesajını Rabatdakı əsas katolik kilsəsində çıxış edərək verib.
Rabatın ən böyük katolik kilsəsində
2000-ci illərin əvvəllərindən Şimali Afrika və Sahel ölkələrində “bərbər baharı” şərti adı verilən bir proses müşahidə edilir. Sami-ərəb xalqlarına çox yaxın olan hami dillərində danışan bərbərlərin (kabili, amaziq, tuareq və s.) muxtariyyət tələbləri Malidən tutmuş Çada, Liviyaya, Əlcəzairə, Mavritaniyaya və Mərakeşə qədər hər bir ölkəni təhdid edir. 2010-cu illərin “Ərəb baharı” ərəfəsində isə hansısa dairələr Məğribdə etnik zəmində ixtilaf yaratmağa, bərbər-ərəb qarşıdurmasını qızışdırmağa çalışmışdı. Rəsmi Rabat hadisələrin qızışmasına imkan vermədən bərbərlərin əsas dillərindən birini - amaziqi ikinci rəsmi dil elan edib. İndi yol qırağı reklamlarda, lövhələrdə mütləq ərəb dili ilə yanaşı amaziqdə də yazılar yazılır. Həm də bərbər milli hərəkatının simvolu sayılan tifinaq əlifbası ilə. İndi bərbər dillərinin rəsmi status aldığı ilk və hələ ki yeganə ölkədir Mərakeş. Bu addım kənardan qızışdırılmağa cəhd edilən etnik separatizmi cilovlamaqla yanaşı dünyada amaziqlərə rəsmi dil statusu tanıyan ilk ölkə kimi Mərakeşə digər dövlətlərdəki bərbər icmalarına təsir gücü də qazandırır.
Rəsmən çox qabardılmasa da, İranın buranın ənənəvi İslamı ilə səsləşməyən məzhəb fanatizmi yaymaq cəhdlərinin qarşısı çox sərt şəkildə alınıb, İran səfiri də ölkədən qovulub. Rabatda xüsusi mərkəz Məğrib İslamı modelinin öyrənilməsi və təbliği ilə məşğuldur. Bu model xaricdə yaşayan məğriblilər arasında da təşviq olunur, Məğrib diasporunun yad təsirlərə düşməsinin qarşısı alınır. Yeri gəlmişkən, bu mərkəzlə tanışlıq da proqramda olsa da sonradan müəyyən səbəblərdən proqramdan çıxarılmışdı.
Ölkədə kral ailəsinə mübaliğəsiz və süni olmayan bir rəğbət var. Rabatda Məhəmməd V-nin şərəfinə ucladlmış məqbərə, Kasabalankada Həsən II-nin şərəfinə ucaldılmış məscid kompleksləri bu sayğının ifadəsidir. Məhəmməd V-nin sürgündən əvvəl çıxış etdiyi məkan, qayıdarkən ilk çıxış etdiyi yer, istiqlal mübarizəsində, ölkənin inkişafında töhfələrini andıran hər bir məkan xüsusi qorunur, o tarixi günlər bir çox hallarda rəsmi səviyyədə qeyd olunur.
Allah, vətən, kral - burada sadəcə şüar deyil
Ölkə islami-maliki kimliyini xüsusi qabartsa da, əhali xeyli dərəcədə dünyəvidir. Rabatın, Kasablankanın, Tanjerin küçələrində son Avropa dəbləri ilə geyinmiş gənc xanımları görsəz təəccüblənməyin. Amma burda hər addım başı, müxtəlif yaşlardan olan başında fəs papağı, əynində cəlubiyyə olan kişilərlə, milli qiyafətli xanımlarla da rastalaşa bilərsiz. Eyni müəssisədə özünü fransız madmazelinə bənzədən xanımla, Ayşə anamızın ənənəsini davam etdirən xanım yanaşı çalışır, birgə layihələr icra edirlər.
Memarlıqda isə olduqca mühafizəkardırlar. Ənənəvi mavritan stili Məğrib dini abidələrinin arxitekturasını da digər müsəlman ölkələrinin dini arxitekturasından fərqləndirir. Çağdaş Mərakeşin qurucu liderləri kral Məhəmməd V-nin Rabatda xatirə kompleksi və Kasablankada ucaldılmış dünyanın ən böyük məscidlərindən olan II Həsən məscidi də bu təsirdən uzaq deyil. Sonuncu məscid su üzərində inşa edilib, inşaat zamanı dövrünün ən çağdaş texnologiylardan istifadə edilib. Dünyanın ən hündür minarəli (210 metr), 90 min nə qədər şəxsin eyni zamanda namaz qılmaq imkanı olan məscidin inşasına demək olar bütün məğriblilər töhfə verib. Su üzərində inşasının maraqlı tarixçəsi var. İddiaya görə bunu röyasında görən kral II Həsən 1980-ci il iyulun 9-da etdiyi çıxışında “bu məscidi suyun üzərində tikmək istədiyini deyib: “Çünki Allahın ərşi suyun üzərində idi. Beləliklə, ora dua etmək, Yaradana həmd etmək üçün gedən möminlər Allahın səması və əngin suları haqda düşünə bilərlər”.
II Həsən məscidi həm də Məğrib əl sənətkarlığının sərgisidir, şəbəkələr, çini süsləmələr, ağac üzərində oyma və metal həkkaklığı nümunələri muzeyidir
- Ölkə çoxdillidir, təhsilli şəxslərin demək olar hamısı fransız dilini mükəmməl danışır, bir çoxu ingilis və ispan dillərini də bilir. Öz aralarında əsasən darijada danışırlar (ərəb dilinin yerli versiyası). Fusha (ərəb ədəbi dili) yalnız ayin, rəsmi tədbirlər, yazı və yayım zamanı istifadə olunur. Darijaya ənənəvi olaraq dialekt deyilsə də, onunla ədəbi dil arasında fərq təxminən azərbaycan dili ilə yakut dili arasındakı fərq qədərdir. Sadəcə terminlərin dəyişməz qalması, televiziyalardan fushanın hər gün eşidilən olması sayəsində darija danışanlar üçün onu anlaşılan edir.
- Ölkədə diqqətçəkən bir nümunəvi cəhət də regionların tarixi-mədəni simalarını diqqətlə qorumaları, bunu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün də məharətlə istifadə edilməsidir. Nə qədər ümumi xüsusiyyətlər olsa da, Tanjerlə Rabatın, Kasablanka ilə Mərakeşin (şəhər) fərqlərini dərhal hiss edəcəksiniz. Bəzən bu fərlqilik inzabati yolla da təmin edilir - hər regionda xidmət göstərən taksilərin rəngləri belə fərqlidir. Bütün ölkədə Əndəlus-mavritan memarlığı yaşadılsa da, məsələn, Kasablanka və Tanjerdə bu, Qərb klassik memarlığı, Daxlədə bədəvi-köçəri memarlıq stili ilə qəribə şəkildə çulğaşır. Fərqlilik mətbəxdə də özünü göstərir. Regionlararası fərqlilik tarixi ənələrlə bağlıdır, bununla yanaşı bərbərlərin, hasəniyyə və sahravi ərəblərinin regionlar üzrə paylanmasından, eləcə də, fərqli regionlarının fərqli müstəmləkələrdə olmasından irəli gəlir. Vadi əz Zəhəb və Aqadir İspaniyanın, Mərakeşin əsas hissəsi qısa müddətə də olsa Fransanın müstəmləkəsi olub. Tanjer və Kasablanka Britaniyanın təsirində olub, Tanjer indiyə qədər müəyyən beynəlxalq ticarət limanı statusunu qoruyub. Bu status çoxdan formal xarakter daşısa da, Tanjerin faktiki azad iqtisadi zona kimi xarici kapital üçün cəlbediciliyini artırır. Təxminən Makao və Honkonqun statusundan Çinin eyni cür istifadə etdiyi kimi. Reallıqda Tanjer bir vilayət mərkəzidir və ölkənin digər vilayətlərindən nə iləsə fərqlənmir.
Əl Buraq (Qurandan götürülmə ad) sürət qatarı Mərakeşin bütün iri şəhərlərini bir birilə əlaqələndirir. Səhər bizimlə Rabatdan Tanjerə gedən yerli sakinlərinin bəzilərinin axşam qatarı ilə geri qayıtması da diqqətimizdən yayınmadı.
- Ölkədə şəhərsalma normalarına maksimum əməl edilir. Şəhərlərdə hündürmərtəbəli, bir-birinə bitişik binalar nadirən nəzərə çarpar. Geniş meydanlar, yollar, xiyabanlar şəhərlərin havasını dözülən edir. Bəzi region mərkəzlərində (Tanjer) işıqforların demək olar ki, yoxluğu diqqətçəkici idi. Yalnız ölkənin əsas iqtisadi mərkəzi olan Kasablankada tıxac problemi ilə rastlaşdıq.
Ölkə iqtisadiyyatı regionlar arasında paylaşdırılıb. Tanjer əsas dəniz limanıdır - illik tonnaj gücü 15 milyard dollarlıq daşıma. Liman həm Orta dəhlizin, həm Cənubi Asiya-Avropa, həm Cənub-Cənub (Afrika), həm Afrika-Avropa nəqliyyat yollarının regiondakı ən böyük limanıdır. Tanjer limanı hazırda dünya dəniz yük daşımalarının 20 faizinə nəzarət edir.
Bu o deməkdir ki, istənilən beynəlxalq nəqliyyat daşımaları Mərakeşdən yan ötməyəcək. Necə orta çağlarda qitələr, regionlar arasında körpü rolunu oynayıb, bu gün də eyni rola və daha artığına iddialıdır. Mərakeş Daxlə və Tnajer limanları sayəsində Çin və Amerika ilə Afrika və Avropa arasında körpü roluna iddialıdır.
Tanjer MED beynəlxalq limanının böyümə perspektivləri nümayiş etdirilən stend
Ölkənin idman infrastrukturu belə büdcəyə fayda gətirir. Rabatda tanış olduğumuz geniş və böyük kapitalla ərsəyə gəlmiş idman kompleksi Avropa və Afrikanın çoxsaylı futbol komandaları üçün təlim-məşq, zədələnmiş futbolçular üçünsə müalicə-bərpa bazası rolunu oynayır. Bunlar isə ciddi ödənişlərlə mümkün olur, nəticədə kompleks yetərincə pul qazan bilir. Mərakeş dünyanın hər yerindən komandaları qəbul etmək üçün müasir və uyğun idman infrastrukturu, eləcə də lazımi imkanlar təklif edir.
VI Məhəmməd adına Futbol Komleksinin direktoru Həsən Xərbuş 2022-ci ildə Qətərdə keçirilən dünya kubokunda Mərakeş komandasının oyunu haqda dediklərimdən xeyli məmnun qalmışdı. Futbol azarkeşi olmasam da, Mərakeş yığmasının bir-iki oyununa baxmışdım. Yeri gəlmişkən, Mərakeş 2030-cu il Dünya Kubokunun birgə ev sahibi kimi seçilib.
Afrikanın liderliyinə iddia
2024-cü ildə Afrikada işləmək yaşında olan şəxslərin sayı Çin və Hindistandakı ümumi göstəricidən 2 dəfə çoxdur . “Afrikanın vaxtı gəlib, əsr Afrika əsridir", - deyir kral. Yeri gəlmişkən, ölkədə, qaradərili sakinlərlə bağlı pozitiv diskriminasiya həyata keçirilir. Kral sarayının yaratdığı iş yerləri daha çox onlara təklif olunur.
Kasablanka maliyyə şəhərciyi də yenə Afrikanı hədəfləyir.
Avtomobil sənayesi hazırda Mərakeşin böyümə strategiyasının mərkəzində dayanır. Sektor 250-dən çox avtomobil hissələri tədarükçüsünü və iki böyük istehsalçı – “Renault” və “Stellantis” şirkətlərini əhatə edir. Avtomobil ixracı sektoru hazırda fosfat sənayesini üstələyir. Sektor 2023-cü ildə illik 27% artım tempi ilə təxminən 14,2 milyard ABŞ dolları ixrac edərək ölkənin aparıcı ixracat sektoruna çevrilib. Mərakeşdə yığılan vatomobillər başlıca olaraq Avropa İttifaqına, xüsusən də Fransa, İspaniya, İtaliya və Almaniyaya ixrac edilir. Ölkə 2023-cü ilə qədər avtomobil satışına görə Afrikada birinci, ərəb ölkələri arasında isə üçüncü yerdədir.
Mərakeş 2025-ci ilə qədər ildə bir milyon avtomobil istehsal etməyi hədəfləyir. Avtomobilqayırma daha çox xarici şirkətlərin yerli filialları ilə təmsil olunsa da, yığılan avtomobil hissələrinin 60 faizə qədəri yerli istehsaldır. Amma hədəfdə 100% yerli istehsal olan avtomobillər yaratmaq da var.
“Renault”-un Mərakeşdə iki zavodu var, bunlardan biri Tanjerdə ildə 287 000 avtomobil istehsal edir və Afrikanın ən böyük zavodu hesab olunur. Amerikanın “Lear” şirkəti Mərakeşdə 11 istehsal müəssisəsini idarə edir, Çinin “CITIC Dicastal” şirkətlər qrupu isə zavoda 400 milyon dollar sərmayə qoyub.Yapon şirkəti “Sumitomo” 2028-ci ilə qədər doqquz əlavə zavod tikməyi planlaşdırır. ”Stellantis” isə öz növbəsində, 2019-cu ildə zavod açmış və istehsal gücünü iki dəfə artırmaq üçün 2022-ci ildə 300 milyon dollar sərmayə qoymuşdu. Hazırda ölkə ildə 40 000 elektrik avtomobili istehsal etmək qabiliyyətinə malikdir və 2025-ci ilə qədər bu rəqəmi 100 minə çatdırmağı hədəfləyir.
Beləliklə, əvvəllər əsasən balıqçılıq və fosfot ixracı ilə tanınan Mərakeş bu gün Afrikanı Asiya və Avropa ilə, Aralıq dənizi ölkələrini Atlantik okeanı ilə birləşdirən böyük karvan yolları qovşağı, iri avtomobil ixracatçısı, yaşıl enerji istehsalçısı, yeni texnologiyalar və təhsil ixracatçısıdır. Turizm sahəsində öz mövqeyini qoruyur, burada ənənəvi tarixi etnoqrafik turizmə, yeni sahələr (səhra ekstrimi, skaysörfinq və s.) əlavə olunur.
Təbii ki, ölkədə hər şey ideal deyil. Məğriblilər sanki özlərini təqdimatdan ehtiyatlanırlar, daha çox Avropaya yönəliblər, Afrikanın liderliyinə can atılsa da, bir az Şərqdən uzaqlaşma meyilləri var. Bu və ya digər işlərdə müəyyən qədər qurumlarası, bəzən koordinasiyasızlıqdan da bəhs etmək olar. Bəzi layihələrin məqsədi tam anlaşılan deyil. Yeni təsis olunmuş, şəraiti, kampusları, labaratoriyaları, texniki imkanları dünyanın aparıcı universitetlərindən geri qalmayan Rabatdakı Texniki Universitetin hər guşəsində ortaçağ İslam alimlərini andıran büstlər, lövhələr olması yaxşı haldır, hətta Hayy ibn Yaqzanın belə (Robinzon Kruzonun müsəlman protitipi - C.Q) lövhəsi var, amma icra etdiyi və bizə yeni startap layihə kimi təqdim edilən "Google translate"-in zəif kopyasına niyə vəsait xərcləndiyini, həm də bunu xarici qonaqlara niyə yenilik adına təqdim edildiyini anlamadım. Bəzi digər təşəbbüslər haqda da təxminən eyni fikirləri deyə bilərəm. Ola bilsin, həmin sahələrin əhəmiyyəti mənə inandırıcı gəlmir, başqaları başqa cür izah edərdi.
Yeni turizm sahələrinə nə qədər üstünlük verilsə də, Məğrib xaricilər üçün həm də tarixi şəxsiyyətləri, tarixi abidələri, etnik-dini mozaikası ilə maraqlıdır. Məsələn, etnoqrafik- turistik sahravi, hasani, bərbər, bədəvi kəndləri təşkil etmək (digər ölkələrdə belə etnoqrafik-turistik məskənlər çoxdan fəaliyyət göstərir), İSESKO-nun ya hansısa beynəlxalq təşkilatn dəstəyi ilə İbn Bəttutənin səyahət marşrutu üzrə Tanjerdən başlanan turlar təklif etmək, İbn Xəldunun, Afrikalı Leonun Məğribdə yaşadıqları dövrü əks etdirəcək ev muzeyləri yartamaq olardı və s.
Cəmaləddin Quliyev
P.S. Bizdə ölkənin adı kimi verilən “Mərakeş” toponimi tarixi paytaxtlardan, bu günsə iri –milyonluq əhalisi olan şəhərlərdən birinin adıdır. Belə adlanma daha çox fransızlardan dünyaya yayılıb. Türklər Osmanlı ənənəsi ilə ölkəyə Fas (Fəs) deyir. Ərəb və amaziq dillərində isə ölkənin rəsmi adı Məğribdir. Bu bizim klassik mətnlərimizə də yad deyil. Odur ki, mən mətn boyunca gah Məğrib, gah Mərakeş toponimidən istafadə etmişəm.
P.P.S. Səfərin təşkilinə verdiyi dəstəyə görə, Mərakeş Krallığının Xarici İşlər Nazirliyi və ölkəmizdəki səfirliyinə xüsusi təşəkkür edirəm.