Hindistanın əfsanəvi aktyoru Dharmendra (əsl adı: Dxaram Sinqh Deol) dünən 89 yaşında dünyasını dəyişib. Hindistanın kino dünyası bu itkini “bir dövrün sonu” kimi qəbul edib.
Dharmendra noyabrın 11-də nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirilmiş, bir neçə gün sonra evə yazılmışdı. Aktyor dünən səhər saatlarında Mumbay şəhərindəki evində vəfat edib.
Qutb.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun cənazəsi yandırılmaq üçün krematoriuma aparılıb. Vida mərasimində onun həyat yoldaşı, məşhur aktrisa Hema Malini, hind kino ulduzları Amitabh Baççan, Şahruh Xan, Amir Xan və digərləri iştirak ediblər.
Qeyd edək ki, Hindistanda hinduizm dininə sitayiş edən insanlar vəfat edəndə onların cənazəsi tonqalda yandırılır. Hinduistlər inanırlar ki, tonqalda yanan cəsədin ruhu təmizlənir.
Uzun illərdir Dharmendranın İslam dinini qəbul etdiyi barədə söz-söhbətlər yayılıb. İddiaya görə, 1979-cu ildə Dharmendra Hema Malini ilə nikahını qanuniləşdirmək üçün İslamı qəbul edib. Lakin bu iddiaları Dharmendra özü bir neçə dəfə inkar edib.
Dharmendranın meyitinin yandırılması çoxlarının onun İslamı qəbul etdiyi barədə iddialara artıq şübhə ilə yanaşmasına səbəb olub

Dharmendra iki dəfə evlənib. O, ilk dəfə 19 yaşı olanda Prakaş Kaur adlı xanımla (1954-cü ildə) valideynlərinin məsləhətilə evlənib. Bu nikahdan onların 4 övladı dünyaya gəlib: iki oğlan və iki qız.
Dharmendra sonralar Bollivud filmlərinə çəkilərkən tərəf müqabili olan aktrisa Hema Maliniyə aşiq olub. Onlar 1969-cu ildə bir neçə filmdə, o cümlədən "Sevimli Rac”, "Zita və Gita” kimi məşhur filmlərdə çəkilmək üçün müqaviləyə imza atıblar. Bu filmlərdə tərəf müqabili olan sənətçilər arasında sevgi münasibətləri yaranıb. Beləliklə, Bollivudun ən romantik sevgi hekayələrindən biri baş verib.
Dharmendra-Hema Malininin cütlüyü uzun illər ərzində Hindistan kinosunda ən uğurlu aktyor dueti hesab olunub. Onların əməkdaşlığı həm Hindistanda, həm də xaricdə ikonik status qazanmışdı.
1978-ci ildə cütlük münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. İddialara görə birinci arvadı ona boşanmağa icazə verməkdən imtina etdikdə, Dharmendra İslamı qəbul edib və bu dinin qanunlarına görə, birincisindən boşanmadan ikinci arvad alıb.
Dharmendra-Hema Malini cütlüyünün iki qızı dünyaya gəlib.

Dharmendranın ilk evliliyindən olan oğlanlafrı Sanni və Bobbi uğurlu aktyorluq karyerası qurublar.
Aktyorun ikinci evliliyindən doğulan böyük qızı Eşa da ata-anasının yolunu davam etririr – aktrisa kimi filmlərə çəkilir.
Dharmendranın çəkildiyi “Daş və çiçək” (Şaka), “Zita və Gita” (Raka), “Əlibaba və qırx quldur” (Əlibaba), “Sevimli Rac” (Rac), "Qisas və Qanun" (Viru) və digər filmlər 1980-ci illərə qədər doğulan nəslin sevimli ekran əsərləri idi. Bu filmlərdə saflıq, zülmə qarşı mübarizə və digər tərbiyəvi dəyərlərdən bəhs olunur.
Dharmendra klassik Bollivudun əsas siması olub. Altı onillikdən çox müddət ərzində o, 300-dən çox filmdə rol alıb ki, bunların bir çoxu, kult klassiklərinə çevrilib. 2012-ci ildə Dharmendra Hindistanın ən yüksək mükafatı olan “Padma Bhushan” mükafatına layiq görülüb.
2015-2020-ci illər arasında Dharmendra bel ağrısı, əzələ gərginliyi və zəiflik kimi bir sıra sağlamlıq problemləri ilə üzləşib və bu problemlər bəzən xəstəxanaya yerləşdirilməyi tələb edib. 2025-ci ildə aktyor sol gözündəki buynuz qişa zədəsi səbəbindən buynuz qişa nəqli əməliyyatı keçirib.
2025-ci ilin oktyabr-noyabr aylarında Dharmendra nəfəs alma problemlərindən şikayətlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyəti sabitləşdikdən və bütün həyati əlamətlər normallaşdıqdan sonra xəstəxanadan evə buraxılıb.
Dharmendra iki həftə sonra – 8 dekabr 2025-ci il tarixində 90 yaşını qeyd edəcəkdi…
Ə.Qafarlı