Ukrayna ilə bağlı danışıqların əsasını təşkil edə biləcək yeganə mahiyyəti olan sənəd Amerika tərəfinin təqdim etdiyi Tramp layihəsidir.
Qutb.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hazırda mövcud olan yeganə əsas sənəd Amerika layihəsi, Tramp layihəsidir. Biz hesab edirik ki, bu, danışıqlar üçün çox yaxşı əsas ola bilər”, - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, Kreml hələ də bu mövqedədir. Kremlin nümayəndəsi Amerika sülh planı ətrafında baş verənləri “informasiya vakxanaliyası” adlandırıb və çoxsaylı ziddiyyətli açıqlamaların dərc olunduğunu qeyd edib.
“Biz meqafon diplomatiyası ilə məşğul olmamağı üstün tuturuq. Amerika tərəfinin bizimlə rəsmi plan bölüşdüyünü gözləyirik. Biz danışıqlar prosesinə tamamilə açıq qalacağıq, məqsədlərimizə siyasi və diplomatik yollarla çatmaqda maraqlıyıq”, - deyə o bildirib.
Eyni zamanda, Peskov dəqiqləşdirib ki, Trampın planı konkret olaraq hazırlanmayıb və müzakirə olunmayıb: “Bu, Amerika tərəfinin bizə ötürdüyü bir layihədir. O, Ankoricdə qismən əldə edilən anlaşmalar əsasında hazırlanıb. Layihə bir çox cəhətdən Ankoric ruhuna uyğundur”.