“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller Münhen klubunun baş məşqçisi Tomas Tuxelin cari mövsümün sonunda klubdan ayrılacağına münasibət bildirib.
Publika.az xəbər verir ki, Müller bu barədə “Kickker”ə danışıb.
“Nəzərə almalısınız ki, biz çətin, gündəlik işin bir hissəsiyik. “İnkişaf” sözü həmişə belə şirin səslənir. Ancaq səbirsizlik, xüsusən də burada “Bavariya”da çox, çox tez ortaya çıxır. Xüsusilə nəticələr yaxşı olmadıqda.
Bizim klub inkişaf üçün yer deyil. “Bavariya” hər şənbə və çərşənbə günü əlindən gələni etməlidir və arzuolunandır ki, 2:1 hesabı ilə yox, 3:0 hesabı ilə qalib gələk. Bu, bizim üçün çox partlayıcı bir vəziyyətdir; bu iş bizdən istənilən dəyişikliyə reaksiya verməyi tələb edir”, – Müller deyib.
Xatırladaq ki, daha əvvəl mətbuatda Tuxelin “Bavariya”dan getməsinə tərəfdar olan futbolçulardan biri də Müllerin olduğu haqda məlumat yayılmışdı.
Almaniya çempionatının 23 turundan sonra “Bavariya” 53 xal toplayıb və lider “Bayer”dən 8 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.