Azərbaycanda barəsində dələduzluqla bağlı aparılan araşdırmaya görə özünü ölmüş kimi təqdim edən “Kaspian İnşaat MB” MTK-nın direktoru Rafət Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov ittiham nitqi ilə çıxış edib.
Prokuror Rafət Qəniyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses aprelin 25-də davam edəcək.
İttihama görə, 25 noyabr 2021-ci ildə Sabirabad rayon prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.
Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.
Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.
Sabirabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.
Müəyyən edilib ki, Rafət Qəniyev Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulub.
İstintaq orqanı tərəfindən Rafət Qəniyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.