Bakı şəhər Yasamal rayonu Akim Abbasov küçəsində yerləşən yataqxanada maraqlı hadisə baş verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Ağdam rayon Qiyaslı kənd sakini olan və yataqxanada məskunlaşmış 1986-cı il təvəllüdlü Nadir Əhmədov (ad şərtidir) yataqxananın 1-ci mərtəbəsində yerləşən və 16 saylı Yasamal 2-ci seçki dairəsinin 9 saylı məntəqəsinə məxsus olan otağın qapısını sındırıb. O, həmin otağı yaşayış yerinə çevirməyə çalışsa da, buna icazə verilməyib.
Hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 28-ci polis şöbəsində inzibati protokol tərtib edilib və N.Əhmədov saxlanılıb.
O, həmin otağın seçki məntəqəsinə məxsus olmasını bilmədiyini deyib:
“Yataqxananın birinci mərtəbəsində yaşayış olmayan otaqda ailəmlə birlikdə yaşamaq istəyirdim. Bu məqsədlə həmin otağın qapısının kilidini sındırıb içəri daxil oldum. Otağın seçki məntəqəsi üçün nəzərdə tutulduğunu görüb özümdə olan kilidlə qapını təkrar bağlayıb, açarını nəzarətçiyə təqdim etsəm də nəzarətçi götürmədi. Buna əsəbiləşərək söyüş söymüş və səs-küy salmışam. Əməlimdən peşmanam”.
Yasamal rayon Məhkəməsinin qərarı ilə N.Əhmədova 4 sutka həbs cəzası təyin edilib.
Turqut Seyidov