Azərbaycan Prezidenti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərlə şəhid ailələri üçün daha bir güzəşt qüvvəyə minib.
Publika.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov qeyd edib.
O, dəyişikliyə əsasən, şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvlərinin də mənzil növbəsinə yazıla biləcəyini vurğulayıb:
“Əvvəlki qaydalara görə, şəhidin həyat yoldaşı dünyasını dəyişdiyi halda övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Yeni dəyişikliklər imkan verəcək ki, şəhidin statusu olmayan ailə üzvləri də mənzil ilə təminat hüququndan istifadə etsinlər. Son dəyişiklik şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi və mənzil təminatlarının yaxşılaşdırılması baxımından vacib sənəd, sosial təminat aspektindən əhəmiyyətli addımdır”.
Qeyd edək ki, Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi indiyədək mənzillə təmin olunub. Bu kateqoriyadan olan bütün vətəndaşlarımızın 2025-ci ilin sonunadək mənzillə təmin olunacağı gözlənilir.