Birləşmiş Millətlər Təşkilatı (BMT) Livanda peycerlərin eyni vaxtda partladılması ilə bağlı bəyanatında mülki əhali arasında qorxu yaymaq məqsədi daşıyan zorakılıq aktlarının müharibə cinayətləri olduğunu bildirib.
QÜTB.AZ xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Livandakı hadisələrlə bağlı təcili iclas keçirilib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Livanda mülki şəxslərə partlayıcı qurğularla edilən hücumlardan dəhşətə gəldiyini qeyd edib:
“Sentyabrın 17 və 18-də Livanda mülki şəxslərə qarşı edilən hücumların miqyası və təsirindən dəhşətə gəldim. Təkcə Livanda peycerlərin, rabitə vasitələrinin və digər elektron cihazların partlaması nəticəsində ikisi uşaq olmaqla azı 37 nəfərin həlak olduğu, 3400-dən çox insanın isə yaralandığı bildirilir.
Bir çox insan bu hücumlar nəticəsində əlilliyə məruz qalıb, səhiyyə müəssisələri isə insanlara təsirin miqyasının öhdəsindən gəlmək üçün mübarizə aparır. Səlahiyyətlilərin universitetlərdə, banklarda və xəstəxanalarda partlamamış cihazları sökdüyü bildirilir. Bu normal ola bilməz”.
Mülki şəxslərə təsiri təxmin edilə bilməyən hücumların baş verməməsi lazım olduğunu bildirən Türk, daşınan obyektlərə partlayıcı tələlərin qurulmasının beynəlxalq humanitar hüquqa əsasən qadağan olduğunu bildirib.
O, hücumların müstəqil, şəffaf və hərtərəfli araşdırılmasını tələb edib: “Mülki əhali arasında terrorun yayılmasına yönəlmiş zorakılıqdan istifadə müharibə cinayətidir”.
Türk son olaraq bu hadisənin Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsdə artan şiddət ilə əlaqəli olduğunu qeyd edib.
Roza Şəfiyeva