Publika.az Lent.az-a istinadən Dağıstan sahillərində yerləşən və Xəzərin “Fort Boyard”ı sayılan bu tikili haqda maraqlı faktları təqdim edir:
1931-ci ildə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasında Mahaçqaladan 18 km aralıda 182 saylı yeni zavodun tikintisi haqqında qərar qəbul edildi. Müəssisə 1932-ci ildə qurulacaq və sonradan “Daqdizel” adını alacaqdı. Bu gün bu zavod Dağıstanın ən böyük zavodlarından biri olaraq qalır. “Daqdizel” Sovet İttifaqı dövründə müəssisə dizel aqreqatları və torpedalar (həmçinin lazımi avadanlıqlar) istehsalı üzrə aparıcı zavod idi.
1934-cü ildə zavodun daha bir sexinin tikintisinə başlandı. O, "8 nömrəli" təyinatını aldı və sonradan Sovet İttifaqının İkinci Dünya Müharibəsindən əvvəlki müdafiə sənayesinin ən gizli yerlərindən birinə çevrildi. Tikinti işləri 1938-ci ilə qədər tamamlandı və dərhal müəssisədə gəmilər və sualtı qayıqlar üçün torpeda silahlarının hazırlanması, yaradılması və sınaqdan keçirilməsinə başlanıldı. Məhz burada sovet mühəndisləri ən nəhəng sualtı və gəmi əleyhinə döyüş sursatlarını yaratdılar.
8 saylı sexin fərqləndirici xüsusiyyəti o idi ki, o, Xəzər dənizinin düz ortasında, sahildən 2,7 kilometr aralıda tikilmişdi. Zavodu tikmək üçün əvvəlcə bünövrə çuxuru yaratmaq, sonra isə gizli emalatxananın qoyulduğu daş bünövrə qurmaq lazım idi. Dənizin ortasında zavodun filialı təkcə məxfiliyi təmin etmək üçün deyil, həm də silahların sınaqdan keçirilməsində asanlığı ilə seçilirdi.
Sexin bünövrədən hündürlüyü (qüllə ilə birlikdə) 42 metrdir. Ümumi iş sahəsi 5 min kv.m. təşkil edir, sexin özündən əlavə, “Daqdizel” zavodu idarəsində yataqxana, kitabxana, kinoteatr, istirahət guşəsi, yeməkxana, lift, sınaq laboratoriyası tikilib.
Ölkə ərazisində istehsal olunan bir çox başqa silah növləri burada sınaqdan keçirilib.
Gizli zavod müharibə boyu fəaliyyət göstərdi. Təkcə 1941-ci ildə burada 3200-dən çox buxar-qaz torpedası hazırlandı. Alman kəşfiyyatı müəssisə haqqında bilirdi. Cəbhə xətti Xəzər dənizinə çatmasa da, Hitler Almaniyasının aviasiyası (Lütvaffe) bölgəni mütəmadi olaraq bombalayırdı. 8-ci sex də hava hücumlarından əziyyət çəkdi. Buna baxmayaraq, zavod fəaliyyətini davam etdirirdi.
Amma 1950-ci illərdə hər şey dəyişdi. Buxar-qaz torpedaları effektiv silah növü kimi sürətlə köhnəlirdi. 8 nömrə sex, onun laboratoriyası tədricən öz aktuallığını itirməyə başladı. 1966-cı ildə nəhayət, sexin bağlanması barədə qərar verildi və buradakı sınaq laboratoriyası Qara dənizə köçürüldü. Xəzərin “Fort Boyard”ında olan bütün sənədlər isə “KQB” tərəfindən arxivə aparıldı və ya məhv edildi.
Bundan 10 il sonra qapalı sexdə yanğın baş verdi və sex tamamilə yararsız hala gəldi.
Bu gün 8 nömrəli sex və yerləşdiyi ərazi tərk edilmiş vəziyyətdədir və illər keçdikcə tədricən dağılır.
Hazırda bu ərazi həvəskarlar və ekstremal idman həvəskarları üçün əsl ziyarətgaha çevrilib.