9 may - faşizm üzərində Qələbə Günü
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasında “Kəsilməz Markov proseslərinə aid Kolmoqorov tənliklərinin Maple proqram paketində araşdırılması” mövzusunda elmi seminar keçirilib.
Qutb.az xəbər verir ki, seminarda Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının dosenti Qurban Qasımov mövzu ilə bağlı çıxış edib.
Məruzəçi bildirib ki, diffuziya tipli Markov proseslərinə aid şərti keçid ehtimal sıxlığı üçün Fokker-Plank-Kolmoqorov tənlikləri Maple proqram mühitində araşdırılıb. Bu tənliklərə daxil olan, təsadüfi prosesin ordinatının və onun dispersiyasının dəyişmə sürətlərini xarakterizə edən funksiyaların müxtəlif şəkillərinə (xətti, kvadratik və s.) uyğun hallar öyrənilib. Birbaşa Furye, Mellini inteqral çevirmələrinin tətbiqi, xarakteristik funksiyaya keçid və dəyişənlərin əvəzolunma üsullarını tətbiq etməklə, Fokker-Plank-Kolmoqorov tənliklərinın həllinin analitik ifadələri, 2d, 3d və animate-qrafikləri qurulub. Alınan nəticələrin ehtimal təhlilləri aparılıb. Prosesin normallığı məsələsi üçün həllin koreliasiyası araşdırılıb. Bəzi xüsusi funksiyalardan istifadə edərək, prosesin qamma və beta paylanmalarla əlaqəsi əsaslandırılıb. Fokker-Plank-Kolmoqorov tənliklərinin çoxtərəfli araşdırılması üçün Maple proqram hazırlanıb. Proqram paketlərində bu tip məsələlərin araşdırılması çoxsaylı problemləri də ortaya çıxarır və onların həll olunmasında ümumi alqoritm vermiş olur.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.