Millət vəkili Fazil Mustafa Azərbaycana səfərə gələn Almaniya millisinin və İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Məsut Özilə mükafat təqdim edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə deputat sosial media hesabında yazıb və fotolar paylaşıb.
“Türkiyə Maarif Vaqfının yenicə açdığı məktəbdə keçirilən tədbir çox maraqlı oldu. Sonda dünya çempionu Məsut Özilə mükafat təqdim etdim. Bu dəfə millət vəkili kimi deyil, Milli Məclisin futbol komandasının üzvü kimi…”
Qeyd edək ki, Məsut Özil karyerası ərzində “Real Madrid”lə yanaşı, İngiltərənin “Arsenal” və Türkiyənin “Fənərbağça” komandalarının da formasını geyinib. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.
Futbolçu hazırda Azərbaycanda səfərdədir.
Türkiyəli professor İrfan Gündüz bildirib ki, gələcəkdə azərbaycanlı uşaqları Məsut Özilin adını daşıyan futbol akademiyasına cəlb etmək istəyirlər. Futbolçunun da ölkəmizə gəlişi bununla bağlıdır.