TƏBİB-in təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib. Təlim TƏBİB-in “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində təşkil olunub.
QÜTB.AZ xəbər verir ki, təlimdə ilk olaraq “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan şəxslərin xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilk olaraq departamentin 2024-cü ildəki fəaliyyəti və uğurları barədə məlumat verib.
“Tibb işçilərinin və vətəndaşların işə qəbul prosesinin optimallaşdırılması məqsədilə Karyera portalı istifadəyə verilib. Tabeli tibb müəssisələrinin vahid saytının yaradılması prosesinə başlanılıb. Tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkilinin təkmilləşdirilməsi məqsədilə zəruri normativ hüquqi aktlar, təlimat, media planlar hazırlanıb, təlimlər təşkil edilib”.
Z.Ədilova bildirib ki, 2024-cü il ərzində müxtəlif media subyektlərindən ümumilikdə 2 342 sorğu daxil olub:
“Onlardan 2 277-si (97,2%-i) cavablandırılıb. Cavablandırılmayan sorğular isə TƏBİB-in səlahiyyətlərinə aid olmayan məqamlarla bağlı olub. 2024-cü ilin 11 ayı ərzində qurumun fəaliyyəti ilə bağlı 265 press-reliz hazırlanaraq media subyektləri vasitəsilə ictimaiyyətə çatdırılıb. Bundan başqa, televiziya kanallarının ünvanladıqları sorğular əsasında, eləcə də TƏBİB-in təşkil etdiyi müxtəlif görüş, təqdimat, açılış və sərgilərə dəvət olunan media nümayəndələri tərəfindən aparılan çəkilişlərin sayı 1 800-dən çox olub. Media orqanları üçün eksklüziv olaraq TƏBİB-in İcraçı direktorunun 10 müsahibəsi təşkil edilib”.
İl ərzində Yeni Klinikaya, Lənkəran, Qəbələ rayon mərkəzi xəstəxanalarına və Sumqayıt Tibb Mərkəzinə mediaturların təşkil olunduğunu qeyd edən Z.Ədilova 2025-ci ildə də sözügedən fəaliyyətin davam etdiriləcəyini qeyd edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova çıxışında qeyd edib ki, cari il ərzində Agentlik əhali arasında 2 növ sorğunun keçirilməsini təmin edib:
“Belə ki, əhali arasında icbari tibbi sığorta haqqında məlumatlılıq və sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi ilə bağlı sorğu keçirilib. Bundan başqa, Agentlik tərəfindən aparılan maarifləndirmə kampaniyalarının effektivliyinin ölçülməsi məqsədilə 2-ci sorğu həyata keçirilib. Sorğuların nəticələri əsasında tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, həmçinin əhalinin məlumatlandırılması məqsədilə kommunikasiya kanallarının optimallaşdırılması nəzərdə tutulub”.
Departament rəhbəri çıxışında, həmçinin, sığorta hesabına ambulator şəraitdə qarşılanan dərmanların şərtlərini və digər yenilikləri media nümayəndələri ilə bölüşüb.
Daha sonra jurnalistlərin birbaşa iştirakı ilə əyani formada ilk tibbi yardım üzrə mulyajlarla simulyasiya təlimi təşkil edilib.
Təlimin ikinci hissəsində Bakı Dövlət Universitetinin pedaqoqu Anzulə Pərvizqızı təqdimatla çıxış edərək, media savadlılığı mövzusunda danışıb. O bildirib ki, media savadlılığı və analitik düşüncə yalnız Azərbaycanda deyil, bütün dünyada günün ən vacib müzakirə mövzularındandır:
“İnformasiyaya əsaslanan cəmiyyətdə daha inamlı və etik iştirakçı olmaq üçün media savadlı olmaq zəruridir. Bolluca media mənbələri və sürətli xəbər yayımına məruz qaldığımız hazırkı dövrdə əsaslandırılmış qərarlar vermək üçün məlumatları qiymətləndirməli, dezinformasiyanı müəyyən etməli və media ismarıclarını doğru analiz etməliyik.
Analitik düşüncəyə informasiya və mübahisəli məsələləri obyektiv təhlil etmək və qiymətləndirmək daxildir. Media savadlılığı kontekstində analitik düşüncə fərdlərin mənimsədikləri məzmunla bağlı mənbələrin etibarlılığını və mötəbərliyini qiymətləndirməyə, məntiqli görünən, əslində isə yanlış olan düşüncə və inancları müəyyənləşdirməyə, həmçinin onların əsaslı qərarlar qəbul etməklərinə kömək edir. Analitik düşüncəyə daha doğru məntiqli nəticələrə gəlmək üçün fərziyyələri sorğulamaq, müxtəlif baxış bucaqlarını nəzərə almaq və dəlilləri təhlil etmək daxildir”.
Həkim-psixiatr, biznes təlimçi Həlimə Qəmərlinskayanın “Beyinin produktivliyi: hər sahədə uğurun birinci açarı” mövzusunda təqdimatla çıxış edib. Həkim-psixiatr beynin məhsuldarlıq funksiyalarından - diqqət, yaddaş, informasiyanın emalı, problemlərin həlli və qərarvermə, emosiyaların idarəedilməsi, motivasiya, məqsədyönlülük, öyrənmə və adaptasiya ilə bağlı media nümayəndələrinə geniş məlumat verib:
“QAYT (qamma-aminoyağ turşusu) – beynin əsas sakitləşdirici neyromediatorudur. O, sinir hüceyrələrinin aktivliyini tənzimləyir və həddindən artıq oyanmanı yatıraraq balansı qoruyur. Xroniki stres və emosional gərginlik, yuxu çatışmazlığı, düzgün qidalanmamaq, B6 vitamini və maqnezium çatışmazlığı, həddindən artıq kofein qəbulu, fiziki və zehni yüklənmənin, istirahətsiz fəaliyyəti QAYT səviyyəsinin azalmasının əsas səbəblərindəndir”.
H.Qəmərlinskaya QAYT səviyyəsini dəstəkləmək üçün media nümayəndələrinə tövsiyələrini verib. O bildirib ki, bunun üçün fiziki fəaliyyət, meditasiya və tənəffüs məşqləri, keyfiyyətli yuxu, düzgün qidalanma, kofein və nikotin istifadəsini məhdudlaşdırmaq mütləqdir.
Tədbirin rəsmi hissəsində TƏBİB-in İcraçı direktorun müavini Araz Nəsirov çıxış edərək bildirib ki, media nümayəndələri dövlət qurumları ilə ictimaiyyət arasında körpü rolunu oynayır. A.Nəsirov səhiyyə sahəsində aparılan işlərin doğru və ətraflı şəkildə vətəndaşlara çatdırılmasında iştirak edən media nümayəndələrinə təşəkkür edib.
Təlim çərçivəsində media nümayəndələrinin ixtisaslı həkimlər tərəfindən müayinələri həyata keçirilib. Onlara qanda şəkərin təyini və qalxanvari vəzinin ultrasəs müayinəsi tibbi xidmətləri göstərilib.
Sonda təlimdə iştirak edən media nümayəndələrinə TƏBİB ilə səmərəli əməkdaşlığa, tibbi savadlılıq təlimində iştirakına görə sertifikatlar təqdim edilib.