Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub. Partlayış "AFEN Plaza" biznes mərkəzində baş verib. Hadisə zamanı xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
FHN qüvvələri tərəfindən 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bina sahibinin iddiasına görə, partlayışa səbəb bina yaxınlığından keçən magistral qaz kəmərindən sızıntı olub.
Qutb.az-ın məlumatına görə, "AFEN Plaza”nın sahibi Əbülfət Əliyev bildirib ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb.
“Hesab edirlər ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz yoxdur”, - o "qafqazinfo"ya açıqlamasında qeyd edib.
Partlayışdan sonra "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları yeraltı qaz sızmaları iddiasını araşdırmaq üçün hadisə yerinə cəlb olunublar.
Əraziyə, həmçinin Baş Prokurorluğun əməkdaşları da cəlb ediliblər.