Bu yay İngiltərədə futbolun ən böyük əfsanələrinin iştirak edəcəyi 35 yaşdan yuxarı futbolçular arasında dünya çempionatı keçiriləcək.
Qütb.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Turnirin dünya çempionatının qalibi olmuş 8 komandanın: İngiltərə, Argentina, Braziliya, Fransa, Almaniya, İtaliya, İspaniya və Uruqvayın iştirakı ilə keçirilməsi planlaşdırılır. Mini mundial EPG Dünya Kuboku adlanacaq və iyunun əvvəlində İngiltərə stadionlarından birində keçiriləcək. Yarış bir həftə ərzində baş tutacaq və 7 oyundan ibarət olacaq.
Turnirdə yaşı 35-dən yuxarı olan, milli komandada çıxış etmiş və ya yüksək divizionda 100 oyun keçirmiş futbolçular iştirak edə bilər. Komandanın kapitanları turnirin təsisçiləri Stiv MakManaman (İngiltərə), Esteban Kambiasso (Argentina), Emerson (Braziliya), Kristian Karambe (Fransa), Kevin Kuranyi (Almaniya), Marko Materatsi (İtaliya), Mişel Salqado (İspaniya) və Dieqo Luqano (Uruqvay) olacaq.
EPG Kuboku üçün ilkin heyətdə 5 "Qızıl top" qalibi - Maykl Ouen, Kaka, Ronaldinyo, Rivaldo və Fabio Kannavaro yer alıb.
Bundan əlavə, Eşli Koul, Co Koul, Rio Ferdinand, Devid Ceyms, Frenk Lempard və Robbi Fauler İngiltərə yığmasında çıxış edəcək. Turnirdə iştirak edəcəyi gözlənilən digər ulduzlar arasında Braziliyadan Kafu və Roberto Karlosun, Fransadan Tyerri Anri və Marsel Desayinin, Argentinadan Hernan Krespo, Pablo Zabaleta, Almaniyadan Məsut Özil və Sami Xedira, İspaniyadan David Vilya və Karlos Puyol, İtaliyadan Françesko Totti, Uruqvaydan isə Dieqo Forlanın çıxış edəyi dəqiqləşib.
Matçlar standart 11x11 formatında keçiriləcək. Lakin oyun vaxtı 90 dəqiqədən 70 dəqiqəyə enəcək. Həmçinin 18 nəfərdən ibarət heyətə malik olacaq komandalar limitsiz əvəzetmələrdən istifadə edə biləcək.
1/4 final görüşləri iyunun 4 və 5-də, yarımfinallar iyunun 8-də, final isə 11-də keçiriləcək.