Milli komandamızın məşqçisi Arif Əsədov qarşıdakı yoldaşlıq oynları və açıqlanan heyətlə bağlı danışıb.
Publika.az xəbər verir ki, o, AFFA-nın rəsmi saytına açıqlamasında bəzi futbolçuların zədəli olduğunu bildirib:
“Hücumçu Renat Dadaşovda mikrozədə var. İndidən müalicəyə başlamalıdır ki, yeni mövsümə qədər tam hazır ola bilsin. Həkimlə məsləhətləşdikdən sonra onu çağırmamaq və müalicə alması üçün imkan yaratmaq qərarına gəldik. Yarımmüdafiəçi Eddi İsrafilovun da zədə ilə bağlı problemi var. Premyer Liqanın son turundakı oyun “Neftçi” üçün böyük önəm daşıdığından, İsrafilov həmin görüşə iynələrin köməkliyi ilə çıxmışdı. Həm onu, həm də zədəsi olan digər yarımmüdafiəçi Filip Ozobiçi kollektivə cəlb etmədik”.
Əsədov əlavə edib ki, U-21-in 3 üzvü iyunda Qazaxıstanla keçiriləcək ikinci yoldaşlıq görüşü üçün A milliyə çağırıla bilər:
“Hər mövqeyə iki futbolçu cəlb etməyi məqsədəuyğun bildik. Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq. Heyətdə yer alanların hamısına şans vermək istəyirik. 24 oyunçudan əlavə ehtiyat qüvvə də nəzərdə tutulub. Qapıçı Yusif İmanov, müdafiəçi Cəlal Hüseynov və hücumçu Nəriman Axundzadə iyunun 7-də Slovakiya ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində olacaqlar. Ehtiyac yaransa, onları Slovakiya ilə qarşılaşmadan sonra A milliyə cəlb edə bilərik”.
O, bəzi futbolçuların dəvət edilməməsinə və heyətə 4 qapıçının cəlb olunmasına da aydınlıq gətirib:
“Hücumçu Namik Ələskərov uzunmüddətli zədədən qayıtdıqdan sonra yalnız klubunun son iki oyununda start heyətində meydana çıxmışdı. Hər mövqeyə də 2 oyunçu çağırıldığından, bu dəfə digərlərinə şans verməyi lazım bildik. Ozan Can Kökçü ilə bağlı durum da eynidir. Uzun müddətdir bizimlədir, çoxdandır tanıyırıq. Bu dəfə Vüsal İsgəndərlini sınamaq qərarına gəldik. “Sumqayıt”da iki mərkəz müdafiəçisini diqqətimizdə saxlamışdıq – Murad Xaçayev və Elvin Bədəlov. Bu dəfə Bədəlovu heyətə cəlb etdik. Müdafiənin mərkəzində daha 3 oyunçumuz var. Mövsümün sonu olduğu üçün futbolçularda yorğunluğun olması normaldır. Bunu nəzərə alaraq, hər ehtimala qarşı 4 qapıçıya dəvət göndərmişik. Onlar da klublarının heyətində çox oyun şansı əldə edənlərdir”.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya ilə, 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.
Heybət