Ötən gün Bərdədə 13 yaşlı qız intihar edib. Hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb. 2011-ci il təvəllüdlü F.C-nın meyiti tövlədə asılmış vəziyyətdə tapılıb.
Publika.az bildirir ki, AzVision.az intihar hadisəsinin detalları haqqında məlumat əldə etmək üçün F.C-nın şagirdi olduğu Qarayusifli kənd tam orta məktəbinin direktoru Mayisə Quliyeva ilə əlaqə saxlayıb.
Məktəb direktoru bildirib ki, 13 yaşlı qız əlaçı olmasa da, dərsə davamiyyəti yaxşı olub və tədbirlərdə aktiv iştirak edib.
“Oxumasına görə orta səviyyədə olan şagird idi. Tədbirlərimizdə fəal çıxış edirdi. Psixoloji durumunda pozğunluq hiss etməmişdik. Sakit, başıaşağı qız idi. Ondan yaşca kiçik qardaşı da bizim şagirddir. Qızın dərsə davamiyyəti çox yaxşı idi. Bu yaxınlarda bircə dəfə dərsdən qalmışdı, evinə nümayəndə göndərmişdik. Bəlli olmuşdu ki, valideyn səhlənkarlığı ucbatından yatıb qalıblar. Həmin bacı-qardaşın dərsdən yayınmasına bir gün belə icazə verməmişəm. Qız məktəbin həyətində sakit-sakit gəzirdi, heç kimə qarışmırdı” .
Direktorun sözlərinə görə, F.C-nın anası evdar qadındır, atası isə əvvəllər kənddə qəssab işləyib, hazırda isə mal-heyvan təsərrüfatı ilə məşğul olur.
“Valideynləri intiharla bağlı bir söz demirlər. Camaat danışır ki, qız üç gün bundan öncə deyirmiş ki, özünü öldürəcək. Hərə bir iddia səsləndirir”.
Kənd sakinlərinin verdiyi məlumata görə, F.C-nın ailəsində problemlər olub və tez-tez münaqişə edirmişlər. Son mübahisə də elə intihardan üç gün əvvəl olub.
Hətta üç-dörd ay bundan öncə F.C-nın anası yoxa çıxıbmış. Ailəsi uzun müddət onu axtarıb. Dekabrın 31-də atası tapıb, evlərinə geri qaytarıb. Bu müddət ərzində uşaqların qayğısına nənə qalırmış.
Ailələrindəki söz-söhbət səbəbindən bacı-qardaşın məktəbdə bullinqə məruz qalmasının qarşısını almaq üçün tədris ocağının rəhbərliyi bütün siniflərdə şagirdlərlə söhbət aparıbmış.
Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğu araşdırma aparır.