COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət yaradır.
Publika.az xəbər verir ki, bu fikirlər UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
"Prezident kimi fəaliyyətə başlamağınız münasibətilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi adından səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
UNICEF-lə Azərbaycan hökuməti arasında 30 ildən artıq müddəti əhatə edən yüksək səviyyəli tərəfdaşlığa istinadən Azərbaycanda uşaq hüquqları gündəliyinin həyata keçirilməsində əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm. UNICEF uşaqlar üçün daha yaxşı gələcəyin qurulmasında və onların tam potensiallarının inkişaf etməsi üçün imkanların yaradılmasında Azərbaycan Hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir", - təbrikdə deyilir.
UNİCEF-in nümayəndəsi uşaqların və gənclərin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərində əhəmiyyətli dərəcədə iştirakını dəstəkləmək və onları daha dayanıqlı gələcək uçun tələb olunan təhsil və bacarıqlarla təmin etmək məqsədilə Azərbaycan hökuməti ilə tərəfdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.