Bakı şəhər Xəzər rayonunda yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılan 1983-cü il təvəllüdlü Elvin H-nin cəza müddəti artırılıb.
QÜTB.AZ-ın əldə etdiyi məlumata görə, 2022-ci ildə dələduzluq əməlinə görə 7 il 6 ay müddətinə həbsə məhkum edilmiş şəxsin cəza müddəti 6 ay artırılaraq 8 il edilib. Bununla bağlı Yasamal Rayon Məhkəməsi hökm çıxarıb.
Məlum olub ki, əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış Elvin həbsdə onunla bir yerdə saxlanılan Sahib adlı şəxsin əfv üçün müraciət etdiyini öyrənib. O, Sahibi inandırıb ki, həbsdən çıxmasına kömək edəcək. Bu adla Elvin məhbus yoldaşından 6 min manat pul alıb. Pul Sahibin yaxınları tərəfindən Elvinin dediyi kartlara göndərilib.
Lakin sonradan Elvinin yalanının üstü açılıb və onun barəsində dələduzluq əməlinə görə yeni cinayət işi açılıb.
Turqut Seyidov