Soyuq aylarda qadınlarda və ümumiyyətlə miqrendən əziyyət çəkənlərdə daha çox rast gəlinən baş ağrıları ilə mübarizə aparmaq olar.
Publika.az xəbər verir ki, bu sözləri nevroloq İqor Maçokin aif.ru-ya müsahibəsində deyib. O, baş ağrılarının müalicəsindən söz açıb.
Onun sözlərinə görə, güman ki, belə ağrılar damarların daralması və genişlənməsi, həmçinin üçlü sinirin budaqlarının qıcıqlanması nəticəsində yaranır. Damarlar soyuqdan təsirləndiyi üçün baş ağrıları meydana gəlir və bir qayda olaraq, xoşagəlməz hisslər istidə yox olur. Buna görə də, xəstəlikdən xilas olmaq üçün həkim isti otaq tapmağı və isti bir şey içməyi məsləhət görüb.
"Ağrı keçmirsə, ağrıkəsici və iltihab əleyhinə dərman qəbul etmək lazımdır. Ağrılar davam edirsə və ya tez-tez təkrarlanırsa, ixtisaslı mütəxəssisə müraciət etməlisiniz. Soyuq nəticəsində yaranan baş ağrıları daha çox miqrendən əziyyət çəkən xəstələrdə baş verir. Odur ki, terapiyaya yenidən baxmaq tələb olunacaq. Belə bir problemi orqanizmi aşağı temperatura öyrətməklə həll etmək olar: sərin otaqda yatmaq, duş qəbul etmək və sərin su ilə yuyunmaq.", - Maçokin tövsiyə edib.
Aytən Məftun