COP29 Azərbaycan Əməliyyat Şirkəti özəl sektorla birgə dayanıqlılıq və iqlim fəaliyyətinin davamlılığının təşviqini genişləndirir. Belə ki, “COP29 Sponsorluq və Tərəfdaşlıq” strategiyasına uyğun olaraq dayanıqlılıq və ətraf mühit meyarlarının formalaşması, milli şirkətlərin korporativ strategiyalarının qlobal dayanıqlılıq hədəflərinə uyğunlaşdırılması üzrə cari ilin may ayında yerli özəl biznes iştirakçıları ilə başlanılan təşəbbüs çərçivəsində növbəti görüş keçirilib.
9 iyul tarixində keçirilən və tikinti, istehlak məhsulları və istehlakın müxtəlif sahələri, texnologiya, maliyyə, bank sektoru kimi istiqamətləri təmsil edən qabaqcıl milli şirkətlərin 40-dan artıq nümayəndəsinin qatıldığı tədbir korporativ arenada ekoloji məsuliyyətin və könüllü öhdəliklərin gücləndirilməsi strategiyalarına yönəlib. Bu seminar şirkətlərə dayanıqlılıq öhdəliklərinin nəzərdən keçirilməsinə, bu yöndə töhfələrin daha effektiv şəkildə icrasına, aparıcı biznes liderləri arasında sektorlararası əməkdaşlığın və mövcud potensialın gücləndirilməsinə xidmət edib.
Görüşdə Milli öhdəlik proqramının növbəti mərhələləri haqqında iştirakçılara ətraflı məlumat verilib, şirkətlərin yaşıl keçid zamanı üzləşdikləri imkan və çətinliklər, kollektiv fəaliyyətin səfərbər edilməsi və COP29-da iştirakçılıq çərçivəsində ölkəmizin milli öhdəliklərə daha çox töhfə verməsinin yolları barədə fikir mübadiləsi aparılıb. Bildirilmişdir ki, COP29 tərəfdaşı olan və Milli öhdəlik proqramına qoşulan şirkətlər üçün xalis sıfır keçid planını dəstəkləyəcək maarifləndirmə təlimləri təşkil ediləcək. Şirkətlər Milli öhdəlik proqramında iştirak etməklə təyin olunmuş sponsorluq meyarlarına cavab vermiş olacaqlar.
COP29 çərçivəsində sponsorluq və tərəfdaşlığa maraq göstərən yerli şirkətlər [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.