Əvvəllər nəsə deyəndə, ya yazanda səhv anlayan insanlarla mübahisə edirdim, onlara sübut etməyə çalışırdım. İndi heç kəsə heç nə sübut etmək istəyim yoxdur. Mübahisə də etmirəm. Əgər insan nəyisə anlamırsa, beyni hər hansı bir yeni məlumatı həzm etməyə qadir deyilsə, onu günahlandırmaq məntiqsizdir.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib. Həyat təcrübəsini bölüşən sənətçi coğrafiya dərsindən həmişə 3 aldığını etiraf edib.
"Mənim də beynim bəzi şeyləri qavramır. Misal üçün: xəritə ilə yol gedə bilmirəm. Getdiyim yollar yadımda qalmır. Yadda saxlamaq istəyim də yoxdur heç.
Coğrafiya dərsindən həmişə "3" almışam. Hələ də təəccüb edirəm ki, 3-ü necə almışam, 1-2 ola bilərdi də, 3 niyə? Yəni ki, hamı hər şeyi dərk etmək məcburiyyətində deyil. Mən nəyisə başqalarından yaxşı bilirəm, başqaları da məndən daha yaxşı bilir başqa şeyləri. İnsanları ciddiyə almamağı, onları olduğu kimi qəbullanmağı öyrəndikdən sonra həyatım asanlaşıb", - Nura Suri bildirib.