2024-cü ilin əvvəlindən qeydə alınan aylıq və dövrü azalmadan sonra yanvar-sentyabr aylarında ilk dəfə olaraq qeyri-neft ixracatında artım qeydə alınıb.
QÜTB.AZ xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, bu müddətdə qeyri-neft ixracatının həcmi 1,3 faiz artaraq 2,5 milyard dollar olub:
“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, həmin müddətdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon dollar olub. Əvvəlki dövrlərdə qeydə alınan azalma elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının həcmi ilə bağlı idi. Bu ilin 9 ayındakı artıma mövsümü faktorlar ilə yanaşı aqrar məhsulların ixacatının çoxalması də təsir göstərib.
Bütün bunlar ilə yanaşı, yenə də qeyri-neft ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır. Belə ki, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Qeyri neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür. Neftsiz ixracatın 34.5 faizi Rusiya, 18.1 faizi isə Türkiyəyə yönəlib. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlı baxımından da vacibdir”.
Aysel Şahmar