Naxçıvan Muxtar Respublikası 5 QVt bərpa olunan enerji mənbələri (BEM) potensialı ilə "yaşıl" enerji ixracatçılarından biri olacaq.
Publika.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov Bakı Enerji Forumunda deyib.
"Naxçıvandan, əsasən, yeni günəş elektrik stansiyalarından (GES) Türkiyəyə və sonra da, ola bilsin ki, Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq", - o deyib.
Naxçıvan Azərbaycanda "yaşıl" enerji zonası elan edilib. Energetika Nazirliyi Naxçıvan Muxtar Respublikasında BEM-in yaradılmasına xarici şirkətləri cəlb edir. Xüsusən "TotalEnergies" və "Nobel Energy" şirkətləri Naxçıvanda ümumi gücü 650 MVt olan GES, "Masdar" (BƏƏ) - 150 MVt gücündə GES, Almaniyanın "Notus" şirkəti Naxçıvanın şimal-qərbində 70 MVt gücündə GES layihələrini elan ediblər, digər layihələr də öyrənilir.
K.Hüseynov, həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin də "yaşıl" enerji zonaları olduğunu və burada 2 GVt gücündə BEM potensialının yaradılacağını xatırladıb.
"Xüsusən bu yaxınlarda "Nobel Energy" ilə Cəbrayıldakı GES inşa edilməsi barədə razılığa gəldik. Həmçinin, Çin şirkətləri ilə işğaldan azad edilmiş ərazilərdə BEM üzrə danışıqlar aparırıq", - o deyib.
Onun sözlərinə görə, Azərbaycanda BEM-ə bütün xarici investisiyalar dövlət-özəl tərəfdaşlıq mexanizmi ilə həyata keçirilir və bu, yaxşı nəticələr verir. AREA direktorunun müavini qeyd edib ki, 2024-cü ildə ölkədə elektrik enerjisinin ümumi balansında BEM-in payı 6 faizdən çox arta, növbəti illərdə isə 30-33 faizə çata bilər.
(Trend)