Gürcüstan paytaxtının Rustaveli prospektində yerləşən parlament binasına etirazçılar pirotexniki vasitələr atıblar.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.
Hadisə yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə 00:00) radələrində baş verib. Hökumət əleyhinə aksiyanın bir neçə iştirakçısı parlament binasının fasadına doğru fişəng atmağa başlayıblar. Ümumilikdə təxminən on partlayış səsi eşidilib.
Polis hadisəyə heç bir reaksiya verməyib və atəşfəşanlıqdan istifadə edən etirazçıları saxlamağa cəhd etməyib.
Telekanalın müxbiri qeyd edib ki, Rustaveli prospektində və parlamentə bitişik küçələrdə ümumiyyətlə Daxili İşlər Nazirliyinin əməkdaşı yoxdur.
Dekabrın 8-də Tbilisi meriyasının parlamentin yaxınlığında müxalifət tərəfdarlarının ora toplaşmaq planlarına mane olacaq böyük yolka quraşdırılmasına başladığı bildirilir. Süni yolka demək olar ki, etirazçıların hər gün toplaşdığı bütün ərazini zəbt edir.
Noyabrın 28-də Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların dayandırıldığını elan etdikdən sonra etirazlar başlayıb. Respublikanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, bu qərar qrant və kreditlərdən şantaj vasitəsi kimi istifadə edən avropalı siyasətçilərin qəbuledilməz hərəkətləri ilə diktə edilib. O, həmçinin Avropa Parlamentini Gürcüstana qarşı “illər boyu təhqirlərə” görə tənqid edib.
Hüseyn İbadlı