28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

“Əxlaqsız təklif etdi, yatağıma gəldi...”

11 yan 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Tərtər rayonunda 1964-cü il təvəllüdlü Süleyman qısqanclıq zəminində qohumu Vahidə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 2022-ci il avqustun 20-də baş verib.

Süleyman həmin gün saat 20 radələrində həmkəndlisi və qohumu Vahidin hadisədən üç il əvvəl həyat yoldaşı Validəyə əxlaqsız təklif edib, ona sataşmasının səbəbini aydınlaşdırmaq məqsədi ilə mərhum atasından qalmış ov silahı ilə yaşadıqları evin həyətində darvazanın arxasında dayanıb.

Süleyman orada Vahidin küçə ilə getməsini gözləyib. Vahid küçə ilə gedən zaman darvazanın qapısını açıb, onu həyətə dəvət edib. Təklifi qəbul etməyəndə onu silahla vurub.

İstintaq orqanı tərəfindən Süleymanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Süleyman ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Tərtər rayonunun kəndində yaşayır: “2019-cu ildə Vahid həyat yoldaşımdan xoşu gəldiyini bildirərək ona sataşıb. Həyat yoldaşım bu barədə mənə məlumat verməyib.

2020-ci ilin martında bunu özüm öyrəndim, rəsmi qaydada boşandım. Həmin vaxtdan Vahidlə aramızda dəfələrlə münaqişə olub. İki il ərzində Vahidlə üzbəüz söhbət etməyə çalışsam da, Vahid mənimlə qarşılaşamqdan və söhbət etməkdən yayınırdı. Buna görə onu güdürdüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin mayında atasından yadigar qalmış ov silahı ilə Vahidi danışdırmaq qərarına gəlib: “Gündüz vaxtı yanında başqa şəxslər olduğundan, gecələr isə taksi ilə gəlib-getdiyindən onu tək görə bilmirdim. Avqustun 20-də saat 18 radələrində silahı götürdüm, lüləsinə iki patron yerləşdirdim və həyətin içərisində, darvazanın qarşısında dayanıb Vahidi güdməyə başladım.

Saat 19 radələrində Vahid darvazanın qarşısından keçəndə silahı gizlətdim, onu həyətə dəvət elədim. Vahid imtina elədikdə “səninlə söhbətim var” deyib silahı göstərdim. O, yenə içəri gəlməyəcəyini bildirərək getməyə başladı. Silahla onun ayağına doğru atəş açdım və yaraladım. Vahid yerə yıxıldı. Yaxınlaşıb həyətə girməsini istədim, o da “öldürürsən, öldür” dedi.

Həmin vaxt küçədə velosipedlə hərəkət edən həmkəndlim Vüqar bizi gördü. O bizi aralaşdırdı, silahı əlimdən almağa çalışdı. Daha sonra qonşular ətrafa toplaşdılar. Silahdan gilizi və digər patronu çıxararaq evə getdm. Tərtər Rayon Polis Şöbəsinə zəng edərək hadisə barədə məlumat verdim.

Silahı Vahidi danışdırmaq məqsədi ilə istifadə etmişəm. Onu öldürmək məqsədim olmayıb”.

İş üzrə zərərçəkmiş Vahidin sözlərinə görə, təqsirləndirilən Süleymanla həmkəndlidir: “Həm də uzaq qohumuq, atalarımız xalaoğludur. Süleyman əvvəllər məndən 600 manat borc pul almışdı. Sonradan borcu istədiyimə görə aramızda narazılıq yaranıb. Süleyman kənddə camaat arasında guya onun həyətinə girməyim, arvadına sataşmağımla bağlı yalan danışmağa başladı.

Hadisədən əvvəl Süleyman məni görüb dedi ki, sən mənim həyətimə girmisən. Bildirdim ki, həyətinə girməmişəm. Süleyman “sənə bir-iki gün vaxt verirəm, get dəqiq fikirləş”, - dedi”.

Vahid qeyd edib ki, avqustun 20-də Süleymangilin evinin qarşısından keçib: “Süleyman əlində silah həyətdən küçəyə çıxdı. Silahı mənə tərəf tutaraq “darvazadan içəri gir, səninlə işim var” bildirdi. Mən içəri girmədim. Getmək istəyəndə silahla ayağıma atəş açdı, yerə yıxıldım”.

İş üzrə şahid qismində ifadə verən Validənin sözlərinə görə, təqsirləndirilən Süleyman onun keçmiş həyat yoldaşı olub: “Vahid həm uzaq qohumum, həm də həmkəndlimdir. Aramızda ədavət və düşmənçiliyimiz olmayıb. Lakin son zamanlar yaranmış narazılıqlara görə münaqişəli ailə kimi Tərtər Rayon Polis Şöbəsində qeydiyyata götürülmüşük.

2019-cu ildə yaşadığımız küçədən içməli su gətirən zaman Vahid bir neçə dəfə mənə əxlaqsız təklif etdi. Ona anası yerində olduğumu bildirdim, iradımı söylədim. Bu barədə oğlanlarıma və həyat yoldaşıma heç bir söz demədim. Bir müddət sonra gecə saatlarında Vahid yatdığım otağın pəncərəsi olan yerə gəldi və məni səslədi. Ona cavab vermədim, getdi.

Vahid bir dəfə də gecə saatlarında həyətimizə gəldi. Gəlinim onu həyat yoldaşı zənn edib çağıranda Vahid heç bir cavab vermədən həyətdən çıxdı.

İlk vaxtlar bu barədə həyat yoldaşıma heç nə demədim. Sonradan isə özü şübhələndiyi üçün oğlumla birlikdə onu güddülər. Həyətlərimizə gecə saatlarında gələnin Vahid olduğunu gördülər. Amma qaçdığı üçün onu tuta bilmədilər. Bu səbəbdən Süleymanla aramızda narazılıq yarandı və rəsmi qaydada ayrıldıq”.

Validə bildirib ki, Süleyman Vahidin hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət edib: “Vahid isə öz hərəkətlərini etiraf etmədi. Avqustun 20-də saat 19 radələrində Bakı şəhərində olan zaman oğlum yaşadığım ünvana gəldi, atası Süleymanın Vahidə tüfənglə atəş açdığını dedi. Oğlanlarım Tərtər rayonuna getdilər”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Süleyman 4 il müddətinə azadlıqdan məhrum edilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur