29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Don və Zəngəzur: Əliyevin tələbinə qıcıq olanlar Zelenskinin fərmanına niyə susur?

23 yan 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bəzi ərazilərinin tarixən ukraynalıların yaşadığı ərazi kimi tanınması haqqında fərman imzalayıb.

“Kyivindependent” xəbər verir ki, Zelenskinin yanvarın 22-də imzaladığı fərmana əsasən, Ukrayna müasir Rusiyanın tarixən ukraynalılar tərəfindən məskunlaşdığı hissələrində yaşayan ukraynalıların tarixlərini araşdırmaq, ictimailəşdirmək və qorumaq üçün addımlar atacaq. Zelenski bu fərmanı 1919-cu ildə Ukrayna Xalq Respublikası və Qərbi Ukrayna Xalq Respublikasının bir müstəqil ölkədə birləşməsi münasibətilə yanvarın 22-də qeyd olunan milli bayram olan Birlik Günü ilə bağlı çıxışı zamanı imzaladığını açıqlayıb.

“Ukraynalıların tarixən məskunlaşdığı Rusiya əraziləri haqqında” fərmanda hökumətin indiki Rusiyanın konkret ərazilərində “ukraynalıların milli kimliyini qorumaq” planı yaratmaq üçün beynəlxalq ekspertlərlə əməkdaşlıq etməsi nəzərdə tutulur.

Fərmanda Krım yarımadasının şərqindəki tarixi bölgə olan Kuban, Çerniqovun şimalında Starodubşina, şimal və şərq Slobojanşina rayonları sadalanıb.

“Sloboda Ukraynası” kimi də tanınan Slobojanşina, Çar hakimiyyəti altında yarı muxtar bölgə idi və indi Ukraynanın şimal-şərqini, əsasən Sumi, Xarkov və Luqansk vilayətləri və Rusiyanın cənub-qərbini əhatə edirdi.

Rusiyanın indiki Krasnodar diyarı tarixi Kuban ərazisinin böyük hissəsini əhatə edir, Starodubşina isə hazırda Bryansk vilayətində yerləşir.

Fərmanda həmçinin bildirilir ki, hökumət bu bölgələrdə ukraynalıların tarixini qoruyub saxlamalıdır. Fərmana əsasən, onların məruz qaldıqları məcburi ruslaşdırma, siyasi repressiya və deportasiya ilə bağlı ifadələri protokollaşdırılmalıdır.

“Rusiya Federasiyasının ukraynalıların tarixi və bu günü ilə bağlı dezinformasiya və təbliğatına” qarşı mübarizə və ukraynalılarla “Rusiyanın əsarətində olan digər xalqlar” arasında münasibətləri inkişaf etdirmək üçün daha çox iş görülməlidir.

Hökumət Milli Elmlər Akademiyası ilə birlikdə "Ukrayna dövlətinin min ildən çox formalaşma tarixi, etnik ukraynalıların məskunlaşdığı torpaqların tarixi əlaqələri və müxtəlif tarixi dövrlərdə Ukrayna milli dövlət birləşmələri" haqqında materiallar hazırlamalıdır”.

Fərmana əsasən, “Rusiyanın hüdudları daxilində tarixən məskunlaşdıqları torpaqlarda etnik ukraynalıların əsl tarixi” də tədris dərsliklərinə salınmalıdır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı indiki təcavüzü Ukrayna ərazilərinin onlara çarların və bolşeviklərin əta etməsi haqda deyilənlərə əsaslanır. Halbuki Böyük Litva knyazlığı (yeri gəlmişkən, rəsmi dili indiki ukrayna dilinin arxaik versiyası idi) və Reç Pospolita dövründə də, Krım xanlığı ilə münasibətlərdə də, bir hissəsi Avstriya-Macarıstanın tərkibində olanda da, nisbi muxtariyyətləri sovet Ukraynasının statusundan daha yüksək idi. Sovetləşməyə qədər nəinki indiki Ukrayna ərazisi, əlavə olaraq Don və Kubanda da ukraynalıların dövlətləri (Don və Kuban respublikaları) yaranmışdı. Hər iki respublikanın rəsmi dili yerli dialekt və ukrayna dilli idi. Kuban respublikasının qurucusu olan kazak Luka Bıç (1912-c ildə Bakı meri seçilmiş, Şollar suyunun çəkilişində xüsusi rolu olmuşdu) Kuban kazaklarını ukraynalı sayır, Kubanın Ukraynaya birləşdirilməsinə çalışırdı. Mühacirətə getdikdən sonra da Ukrayna millətçisi kimi fəaliyyət göstərib. Sonuncu respublika ilə Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən təmasları da var idı.

Sonuncu dəfə 1970-ci illərdə SSRİ Ali Sovetinin sədri Nikolay Podqorni (Mikola Pidqorni) Kuban və Donun slavyan əhalisinin mənşəyini nəzərə alaraq Ukraynaya birləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdi.

Prinsip etibarilə Rusiyanın artıq hərbi təcavüz mərhələsinə keçmiş “Russkiy mir” təbliğatına qarşı Ukraynanın hansısa addım atması olduqca normaldır. Amma Zelenskinin fərmanı başqa bir problemə-ikili standartlar da işıq salır.

Belə ki, Azərbaycanın Zəngəzur dəhlizi və Qərbi Azərbaycanla bağlı təşəbbüsləri, açıqlamaları Qərbdə ərazi iddiası, irredentist siyasət kimi qınanır, amma Zelenskinin fərmanına hələ ki, hər hansı mənfi reaksiya yoxdur. Sonuncu dəfə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanı ərazi iddialarında ittiham edib.

Axı Azərbaycan ərazi iddiası etmir, indiki Ermənistan ərazisində mədəni- tarixi irsimizin qorunmasından, insanların öz dədə-baba yurdlarına sərbəst get-gəl imkanlarının tanınmasını tələb edir. Qarabağ erməniləri üçün Qərbin istədiklərinin indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılar üçün də verilməli olduğunu deyir.

Halbuki, açıqlamadan fərqli olaraq fərman rəsmi sənəddir və rəsmi iddia deməkdir.

Cəmaləddin Quliyev, siyasi ekspert


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur