Gəncədə törədilən qətlin bəzi təfərrüatları bəlli olub.
Publika.az-ın əldə etdiyi əlumata görə, bıçaqlanaraq öldürülən 38 yaşlı Vasif Həsənovun, 28 yaşlı Yaqub Həsənov tərəfindən öldürülməsinə səbəb aralarında olan borc məsələsi olub.
İlkin məlumata görə, mərhum şəhər ərazisində xeyir-şər çadırı icarəyə verirmiş. Elə Yaqub Həsənovun da mərhuma çadıra görə 230 manat məbləğində borcu yaranıb. Borcdan 200 manat ödənilsə də, 30 manat ödənilməyib. Beləcə, tərəflər arasında mübahisə düşüb və Yaqub Həsənov əlində olan kəsici alətlə Vasif Həsənovu qətlə yetirib.
O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.Yaqub Həsənov isə keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib.
Artıq faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.