Azərbaycana yeni təcili tibbi yardım maşınları gətiriləcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yerləşdirilib.
Qeyd olunub ki, ölkəyə gətiriləcək 30 ədəd təcili tibbi yardım nəqliyyat vasitələri şərtlər toplusuna uyğun olaraq müasir tibbi avadanlıqla təchiz olunmalıdır. Onlardan 10 ədədi müasir tibbi avadanlıqla təchiz olunması ilə yanaşı, ürək masaj cihazına da malik olmalıdır.
Bundan başqa, sözügedən nəqliyyat vasitələrindən 5 ədədi xüsusi yolsuzluq ərazi üçün (4x4), 2 ədədi qutu tipli (boks tipli reanimobil), "Medical Dron"lu, daha 2 ədədi portativ diaqnostik cihazlarla təchiz olunmuş, 3 ədədi isə perinatal küvəzlə təchiz olunmalıdır.
Məlumata görə, artıq bununla bağlı Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti Publik Hüquqi Şəxsi hazırlıq işlərini yekunlaşdırıb.
Xidmət sözügedən işlərinn icrasını "Abşeron Avtomobil Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 13.789.620,03 AZN (13 milyon 789 min 620 manat 3 qəpik) olan müqavilə bağlayıb.
Qeyd edək ki, "Abşeron Avtomobil Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 90.09 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Kamran Nazim oğludur.