Ötən il oktyabrın 25-də Sabunçu rayonu Zabrat qəsəbəsində 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovu ictimai yerdə döyə-döyə öldürən 1988-ci il təvəllüdlü Adil Əsgərovun məhkəməsi başa çatıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə A.Əsgərov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti və xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə təqsirli bilinib.
Məlum olub ki, hər iki şəxs eyni yerdə fəhlə işləyiblər. Onlar Sabunçu rayonu Zabrat qəsəbəsində qutabxananın qarşısında olarkən aralarında mübahisə yaranıb. Bu zaman F.Nəcəfovla Adil arasında mübahisə yaranıb. Nəticədə Adil heç bir əsaslı səbəb olmadan 54 yaşlı kişini vurmağa başlayıb. Daha sonra onlar qutabxanadan uzaqlaşaraq yaxınlıqdakı “Louvre Plaza” şadlıq evinin qarşısına gediblər. Adil Əsgərov özündən 18 yaş böyük olan kişini döyməyə, başına zərbələr endirməyə başlayıb. Ağır xəsarətlər alan kişi şadlıq evinin qarşısında ölüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində mərhumun oğlu Adilin onun atasını vəhşicəsinə öldürdüyünü deyib və ona ömürlük həbs cəzası tələb edib. Məhkəmənin ötən həftə çıxardığı hökmlə A.Əsgərov 19 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Turqut Seyidov