Azərbaycanın sərbəst güləşçisi İsa Yusibov Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlıların Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, bu gün sərbəst güləşdə 48, 55, 65, 80 və 110 kiloqramda medalçılar müəyyənləşib.
Hacıhüseyn Əhmədzadə (48 kiloqram) belaruslu Vladislav Lisitsaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.
Hüseyn Hüseynov (55 kiloqram) əvvəlcə təsəlliverici görüşdə moldovalı Viktor Vdoviyə heç bir şans tanımayıb – 10:0. Axşam seansında belaruslu Artyom Pavluçenkanı (3:0) üstələyən Hüseyn fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
İsa Yusibov (65 kiloqram) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib. Son saniyələrdə sevimli fəndini icra edən Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbə ilə Avropa çempionu olub.
Məhəmməd Abbaszadə (80 kiloqram) təsəlliverici görüşdə macarıstanlı Levente Şikşaydan güclü olsa (6:0) da, bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Sahak Hovannisyana sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.
Muxamad Qantemirov (110 kiloqram) finalda rusiyalı Movsar Saydulayevə sonuncu xal prinsipinə əsasən (1:1) uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, sərbəst güləşçilər AÇ-nin son günü ərəfəsində 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.