Norveç çempionatında çıxış edən KFUM klubunun oyunlarını keçirdiyi eyniadlı arenada hər qarşılaşmadan əvvəl maraqlı hadisə yanaşır.
Publika.az xəbər verir ki, stadionun soyunub-geyinmə otağı kompleksin tərkibində yerləşmir. Futbolçular paltardəyişmə otağına keçmək üçün hətta avtomobil yolunu keçməli olurlar.
Bu, hər oyunda yaşanır. Təhlükəli vəziyyət yaranmasın deyə futbolçular üçün piyada zolağı salınıb. Matçlar zamanı yol polisinin əməkdaşları hərəkəti tənzimləməyə çalışırlar.
Maraqlıdır ki, KFUM Norveçin əsas çempionatında - Eliteseriendə mübarizə aparır. Bu mövsüm elitaya vəsiqə qazanan kluba 1500 nəfər tamaşaçı tutumuna malik olan arena ilə bağlı lisenziya problemi yaradılmayıb.
Ölkənin paytaxtı Oslonu təmsil edən komanda yeni mövsümdə 5 oyun keçirib. Cəmi 1 dəfə məğlub olan KFUM 6 xalla 11-ci sırada qərarlaşıb.
Maraq üçün qeyd edək ki, KFUM Azərbaycan çempionatında çıxış etsəydi, yəqin ki, stadionuna görə lisenziya almaz və elitaya vəsiqə qazanmazdı.
Heybət