Gürcüstanda qətlə yetirilən 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın anası və dayısı həbs edilib.
Milli.Az APA-ya istinadən bildirir ki, Rustavi şəhər məhkəməsinin hakimi Madonna Maisuradze məcburi evlilik və cinayəti xəbər verməmə ittihamları ilə azyaşlının anası və dayısı barəsində həbs-qətimkan tədbirinin seçilməsi qərarı verib.
Kvemo Kartli bölgə prokuroru Xatia Qoqriçiani Aytac Şahmarovanın zorla evləndirilməsinin təşkilatçısının onun anası olduğunu, Aytacın qətlə yetirilməsinə görə birbaşa məsuliyyət daşıdığını bildirib.
Məhkəmədə azyaşlını qətlə yetirən Alim Sadiqov Aytacı öldürmək niyəti olmadığını, silahın pnevmatik olduğunu düşündüyünü, həmçinin "həyat yoldaşı"nın azyaşlı olduğunu bilmədiyini iddia edib.
"Həyat yoldaşımın azyaşlı olduğunu bilmirdim, anası mənə dedi ki, onun 18 yaşı var", - Alim Sadiqov deyib.
Gürcüstan DİN-in araşdırmalarına görə, azyaşlı 2023-cü ilin yayında Alim Sadiqov tərəfindən məcburi nikaha daxil olmaq məqsədilə qaçırılıb və Saqareco rayonunun Ləmbəli kəndinə gətirilərək qanunsuz azadlıqdan məhrum edilib. Lakin azyaşlı evdən gizlicə qaça bilib və tanımadığı şəxsin telefonu ilə anası ilə əlaqə saxlayaraq oğurlanması barəsində məlumat verib. Lakin, anası və dayısı bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər və Aytacı onu qaçıran şəxslə yaşamağa məcbur ediblər.
Xatırladaq ki, Aytac Şahmarova oktyabrın 5-də axşam saatlarında "həyat yoldaşı" Alim Sadiqov tərəfindən qətlə yetirilib.
Milli.Az