Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçirib.
Bu barədə Publika.az-a Bakı Dövlət Sirkindən məlumat verilib.
Bildirilib ki, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub: “Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”.
Qeyd edək ki, Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir.