Hə, indi ürəklə danışıram...
- Allahdan cavanlara sağlam, uzun ömür, özümə isə möhlət istəyirəm... Gedim Ağdamıma, Abdal-Gülablıma.
- İnşallah. Nə qalıb ki? Qısa zaman kəsiyində gedib görəcəksiniz yurd yerini. Biz də sizə qonaq gələcəyik.
- Hə bəs necə. Oralara gələndə deyəcəksən ki, ay Allah bu Xavər nənə nə gözəl yerlərdə yaşayıb.
- Elə o yerlər səni ilhamlandırıb da oxumağa, səsin bütün Ağdama yayılıb.
Publika.az bir zamanlar Ağdamın məşhur “Nənə qızlar“ ansamblını yaradan və 80-nə yaxın gənc qızı səhnədən ər evinə yola salan 86 yaşlı Xavər Nuriyeva ilə müsahibəni təqdim edir.
- Xavər nənə, 1938-ci ildə Abdal kəndində anadan olmusan. İstəyirəm ta uşaqlıqdan başlayaq. O günləri necə xatırlayırsan?
- Anam balası, əgər məni dərindən tanımaq sənə və oxuculara maraqlı olacaqsa ürəyim doludur. Bilmirəm hardan başlayım, qızım. Mənim danışacaqlarımı sənin telefonun tutmaz axı.Vaxtın varmı qulaq asmağa?
- Sevə-sevə səni dinləyirəm. De gəlsin.
“O vaxt gəlib qapını açıb, əllərinə keçəni aparırdılar”
- O vaxtlar hələ məktəbə getmirdim, bir qardaşım var idi, atam 1942-ci ildə onu müharibəyə yola saldı. Müharibədən qayıtmadı, gözümüzün ağı-qarası bircə qardaşım o gedən getdi. Nə ölüsü gəldi ,nə də qara kağızı, heç bir xəbər çıxmadı qardaşımdan. Atam çoban idi, yaraşıqlı, boylu-buxunlu kişi idi. Kolxozun çobanı idi. And olsun ki, bizi xəlq edənə birini də şişirtmirəm. Qırxqızda, Turşsuda, İsa bulağında, Şuşada mal-qara otara-otara qıpqırmızı qızarmışdı. Hamı məətəl qalırdı ki, bu kişi niyə belə qırmızıdı? Cavan qardaşımın yoxluğu atamı tez apardı bizdən. Dağ boyda kişi rəhmətə getdi, biz qaldıq bir ana, iki qız. Vardan-dövlətdən də cəmi bircə inəyimiz vardı. Anam o inəyin südü, qatığı ilə bizi saxlayırdı. Türpəng deyirlər o otun adına, biz tərəflərdə çox olurdu. Anam gedib yığıb gətirərdi, bişirib üstünə də qatıq töküb bizə verərdi. Bax, biz onunla böyüdük, ölmədik. Onun qüvvəti çörəkdən çoxdur. İnəyi bir daxmamız var idi, orda saxlayırdıq. Qorxurduq ki, oğurlayarlar. O vaxt gəlib qapını açıb, əllərinə keçəni aparırdılar. Anam, bacım və mən növbəli inəyə baxırdıq, səhərə kimi o inəyin boynunu sığallayıb, oxşayırdıq. Başına dönüm, bu minvalla yeddi yaşına ayağı yalın, başı açıq çatdım. Bax, burda bir qəzet var (Göstərir). Burda mənə neçə yaş verərsən?
- Yəqin ki, 12-13 yaşınız olar. Bu şəkil harda çəkilib?
- Ağdamda.
- Rayon mədəniyyət evində?
- Hə, anam balası, orada çəkilib. Anam məni ayağı yalın kürəyinə alıb aparıb məktəbə qoyurdu, sonra da dərs başa çatanda ayaqyalın gəlib kürəyinə alıb gətirirdi evə. Ayaqqabı yox, ayağı yalın. Yazıq anam. Bax, bu şəkildə qonşudan qaloş alıb geyinib getmişəm mədəniyyət mərkəzinə. Onda matah sayılırdı o qaloşlar.
- 12 yaşında eşitdin ki, mədəniyyət evinə istedadlı uşaqlar yığırlar?
- O vaxt mədəniyyət evində elə sən deyən çal-çağır yox idi, biz tərəflərdə həyat hələ təzə qurulurdu. Onda qapı-qapı axtarıb səsi olanları bir yerə yığırdılar. Bayaq düz tapdın, o vaxt mənim 12 yaşım olardı təxmini.
Bir gün anamla kolxozda idim, soğan çıxarmağa getmişdik, məni də aparmışdı ki, tək qalmayım. Bir də gördüm ki, bir qadın məni çağırır, “Ay Xavər, ay Xavər”. Dedim görəsən bu kimdi məni çağıran. Kolxozda işləyən qadınlardan biri dedi ki, poçtalyondu. Şamama arvad kəndimizin poçtalyonu idi. Allah rəhmət eləsin. Mən də uşaq, qorxdum ki, ay Allah görsən niyə çağırır, neyləmişəm görən? Gəldim gördüm ki, and olsun Allaha birini yalandan deyirəmsə, hələ kəsiri var ki, quraması yoxdur... Gördüm ki, Ağdam Şəhər Mədəniyyət Evinin müdiri Manaf Quliyev də burdadır. "Qruzavoy" maşınla gəlmişdilər. Mənə dedilər ki, qızım, səni mədəniyyət evinə aparacağıq, orda kollektivlər var onlarla çıxış edəcəksən. Sənin səsin, yaxşı avazın olduğunu eşitmişik.
“Qonşulardan bəziləri deyirdi ki, “ay bala, yalın ayağının dərdini çək. Səsin qoymur ki, xarabamızda acqarnına oturaq”
- Elə sözünə qüvvət ay Xavər nənə, evdə oxuyurdun? Hardan bilirdilər ki, yaxşı səsin var?
- Eh (dərindən köks ötürdü), evdə oxuyurdun nədi? Ac qarnına elə hey oxuyurdum. Deyən gərək idi ki,”az dərdini çək dana, hansı gününə oxuyursan?” İnəyimizi otlağa aparanda oxuyurdum eyyy.... “Kəndimiz”i, “Sarı bülbül”ləri, “Qaragilə"ni, "Yar gəldi, yar gəldi, yar gəldi” oxuyurdum, anam balası, köhnə mahnıların hamısını oxuyurdum. “Sudan gələn sürməli qız”, yadıma düşənlər bunlardır, anam balası. Bax, o bir inəyimizi nobata aparıb-gətirəndə oxuya-oxuya gəlirdim. Heç bir evdən səs-küy gəlmirdi, mənim səsimdən başqa. Yolda oxuya-oxuya gələndə qabağıma çıxan qonşulardan bəziləri deyirdi ki, “ay bala, yalın ayağının dərdini çək. Səsin qoymur ki, xarabamızda acqarnına oturaq”.
- Elə belə də deyirdilər? (Gülürəm)
- Vallah deyirdilər. Mən də abırlarını ətəklərinə bükürdüm, bir də məndə işləri olmurdu. Kimisə çağıranda da mahnı ilə səsləyirdim. Məsələn, "ay filankəs” adam da o tərəfdən çıxıb deyirdi ki, “az əməlli danış görüm nə deyirsən. Deyirdim yox e, mən oxumalıyam”.
"O vaxt rayondakı mövhumatçı kişilər “Ayə filankəsin qızına bax, ayə” deyərək, bizə lağ eliyirdi"
- Belə-belə sorağın ətrafa yayılıb demək?
- Hə, getdim çıxdım məktəbə. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Yurdumuz alınmadan məni danışdırmaq mümkün deyildi. Elə ki, danışmağa başlayırdım gözümün yaşı leysan olurdu. İndi ümidim var ki, gedəcəm öz elimə, torpağıma, kəndimə. Ona görə də ağlamıram.
Bütün mədəniyyət evi mənim səsimə aşiq idi. Məktəbdə oxuyandan başladıq konsertlər verməyə, mənimlə həmyaşıd olan bir qız da var idi. Düzdür, sən deyən elə səsi yox idi, amma birlikdə oxuyurduq. “Anamdan bir yaylıq aldım, heç bilmirəm harda saldım”, “Ağca qız, qaraca qız” filmindən parçaları öyrənə-öyrənə bütün kəndə konsert verirdik.
- O qızın adı nə idi? Yadında qalmayıb?
- Asiya idi, Allah ona rəhmət eləsin. Mən doğulandan 6 gün sonra o anadan olub, anam hər ikimizə süd verib. Doğma bacı kimi idik. Mənim süd bacılığım idi, Asiya. Bu yaxınlarda dünyasını dəyişdi. Ruhu şad olsun. O vaxt rayondakı mövhumatçı kişilər “Ayə filankəsin qızına bax, ayə” deyərək, bizə lağ eliyirdi.
- Sənə deyirdilər?
- Hə, mənə deyirdilər. Asiya sakit idi. O vaxt bütün məsuliyyət məndə idi. Biz belə-belə mədəniyyət evində konsertlər verməyə başladıq.
Xavər Nuriyeva əlindəki şəkilə baxaraq, mənə göstərir.
- Bax, bilirsən bu şəkil harda çəkilib?
- Harada?
- Bu Şahbulaqda, türmənin qarşısında çəkilib. Bir gün çağırdılar ki, gedəcəyik dustaqlara konsert verməyə. Gəldilər evdən məni apardılar ora. Getdik “Şur” ansamblı ilə qəşəng konsert verdik. Bax, bu şəkil o vaxt çəkilib. Bundan sonra lap “moda”düşdüm. Hər dəfə xarici ölkələrdən gələnlər olanda gedirdik Ağdam stadionunda konsert verirdik. Günlərin bir günü Amerikadan Ağdama qonaqlar gəldi. Dedilər ki, qəşəng bir konsert proqramı təşkil etməliyik. “Nənə qızlar” ansamblı birinci çıxış etməlidir bu konsertdə. Yadımdadır, o vaxt Bakıdan da məşhur müğənnilər gəlmişdi. Səxavət Məmmədov, Sara Qədimova da orda idi, yadımda qalan bunlardır. Sara ilə biz qohum sayılırdıq. “Nənə qızlar” ilə “Qarabağ şikəstəsi”ni oxuyub səhnədən endik. Sara, öz qohumum mənə eyham vurdu. Dedi ki:
Əzizinəm tən gələ,
Duman gələ, çən gələ,
İndiki cavanların həddi nədir,
Mənim kimisinə tən gələ?!
And olsun bizi yaradana, onda hamı Saraya elə baxdı ki... Qohumum olsa da qısqanclığını gizlədə bilmədi.
O vaxt Bakıdan bütün rayonlara, bölgələrə tapşırıq verilirdi ki, folklor ansamblı yaratsınlar. Əgər hər hansı bir mədəniyyət evinin folklor ansamblı olmurdusa, oranın direktoru ərizəsini yazıb işdən çıxmalı idi. O vaxt Bakıdan böyük bir nümayəndə heyəti 1977-ci ildə mədəniyyət klubumuza gəlmişdi. Adı yadımda deyil, bir kişi diplom imzalayıb mənə verdi. Mən də ancaq orta məktəbi bitirmiş adam idim. Heç vaxt yadımdan çıxmaz, "bu səs ki, səndə var heç haranı bitirmək lazım deyil" dedi. Beləcə, səsimin sayəsində o diplomu aldım.
“Öz qızlarımızdan başladıq ki, sabah rayonda kimsə deməsin ki, niyə sənin qızın o ansamblda iştirak etmir”
- Xavər nənə, neçə yaşında ailə qurmusan? Həyat yoldaşın sənətini qısqanmırdı ki?
- 20 yaşında ailə həyatı qurmuşam, qızım. Allah rəhmət eləsin, həyat yoldaşım çox yaxşı insan idi. Məni də həmişə dəstəkləyirdi. 3 oğul , bir qızımız dünyaya gəlib. Amma məni tək qoyub tez getdi. (kövrəlir) Bunu heç bağışlaya bilmirəm ona…
- Bəs “Nənə qızlar” ansamblı necə yaranıb? Niyə məhz bu adı seçdiniz?
- Anam balası, demək 1983-cü ildə mədəniyyət evinin müdiri Xaspolad müəllim dedi ki, ay Xavər bacı, Bakıdan tapşırıq gəlib ki, bütün mədəniyyət evlərinin nəzdində folklor ansamblları yaradılsın. Kənddə hamı mənə hörmət edir, sözümü yerə salmırdı. Qərara gəldik ki, elə birinci öz qızlarımızı bu ansambla cəlb edək. Xaspolad qızı Mətanəti, mən də qızım Afəti “Nənə qızlar” ansamblına daxil etdik. Öz qızlarımızdan başladıq ki, sabah rayonda kimsə deməsin ki, niyə sənin qızın o ansamblda iştirak etmir. Abdalda qapı-qapı düşüb qızları yığdım, biz hansı qapıya gedirdiksə deyirdilər ki, qızlar qurbandı Xavər anaya. Dedim elə mən nənə, bunlar da qızlarım. Beləcə, öz qızlarımız da daxil 16 qızla “Nənə qızlar” ansamblını yaratdıq. O gündən oldum “çölləmə”. Məhsul bayramı oldu “Xavər gəl”, xaricdən gələn var “Xavər gəl”. Evdən bayıra çıxmırdım ki, birdən gəlib məni evdə tapmazlar. Qızım, Bakıda, respublikada, hətta xaricdə elə bir tədbir olmazdı ki, "Nənə qızlar” ansamblı orada iştirak etməsin. Ağdamda Natəvan qızlar bayramı, Xarı bülbül festivalı, Bahar bayramı... Hansını sadalayım? Ağdam stadionu bizim məşq guşəmiz idi.
"80-dən çox qızı “Nənə qızlar” ansamblında püxtələşdirib ərə vermişəm"
- Maraqlı bir fakt oxudum. Qeyd olunur ki, qızlar səhnəyə çıxandan bir müddət sonra ailə həyatı qurub gedirmiş. Doğrudan belə idi?
- Bəli, belə olurdu. O vaxt kim idi evdən çölə çıxan? İcazə vermirdilər. Ataları mənə güvənib əmanət etmişdi. Ona görə də qızlarım hər dəfə səhnəyə çıxdıqca oğlanlar bir-bir bəyənirdi onları. 16 qız səhnəyə çıxdıqca, ailə qurub getdilər. Biri qalmışdı, o da qaçqınçılıq vaxtı Beyləqana gəlin köçdü.
- Qaçqın düşənə qədər neçə qızı ərə vermisən, ay Xavər nənə? Yadında qalıb?
- 80-dən çox qızı “Nənə qızlar” ansamblında püxtələşdirib ərə vermişəm, anam balası.
- Ay maşallah.
- 1992-ci ildə Ağdamda stadionda məşq etdiyimiz yerdə pərən-pərən olduq. Onunla da dağıldı “Nənə qızlar“ ansamblı...
Düzdür, 3 aya yaxındır ki, yeni “Nənə qızlar “ ansamblı yaradılıb. Məni də dəvət etdilər. Dedim yaş o yaş deyil... Xeyir-duamı verdim.
30 ildən sonra əməkdar jurnalist Səadət Məmmədova verilişinin çəkilişi ilə bağlı məni Ağdama apardı. Onda getmək istəmirdim. Dedim hara gedirəm? Niyə gedirəm? Daş daş üstə qalmayıb orda... Ora gedəndən sonra öz-özümü nə qədər tənbeh etmişəm. Ay Xavər, niyə gəlmək istəmirsən? Bir bax, gör sənin Abdalın harda? Evin-eşiyin hardadır? Nə yaxşı getdim, qızım. Dağılmış qəbiristanlıqda anamın qəbrini tapdım. Mərmər hamısı qırıq-qırıq idi. İllərdir işlədiyim mədəniyyət klubunu yerində görmədim. Orda bir ağlamaq gəldi ki... O ki, var ağladım...
86 yaşlı Xavər nənə deyir ki, bundan sonra Allahdan ömür istəmək ayıbdır.
- Utanıram, necə deyim ki, mənə uzun ömür ver. Sadəcə möhlət istəyirəm...(kövrəlir, gözləri dolur...) Bu yaxınlarda prezidentimiz Ağdama getmişdi. Görüntülərə baxanda ürəyim dağa döndü. O bizə söz verib ki, Ağdamda ən gözəl evlər tikiləcək. Mən də əhd eləmişəm ki, çox yox, bircə ay yaşayım öz yurdumda, bilim ki, öz torpağımdayam. Arzumdur ki, Abdalda evimin qapısı qonaqlı-qaralı olsun. Növbəti müsahibəmi elimdə, obamda elə sizə verim.
- Allah arzunuza çatdırsın, ay Xavər nənə.
- Sağ ol, anam balası.
Cəmilə Hətəmxanova
Foto: Elnur Muxtar