Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsinə başlanılır.
QÜTB.AZ xəbər verir ki, bununla bağlı MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, görmə qabiliyyətində müəyyən problemlər olan seçicilər üçün Brayl əlifbası ilə trafaret çap edilib, bütün seçki dairələrinə göndərilib: "125 trafaret hazırlanıb və istisnasız bütün seçki məntəqələrinə çatdırılacaq".
Qeyd edək ki, “Azərbaycan ResQutb.azsının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçki bülletenlərinin hazırlanması prosesi avqustun 22-dək başa çatdırılmalı idi. Proses yekunlaşdırılıb. Təqvim planına əsasən, seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsi avqustun 27-dək yekunlaşdırılmalıdır.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.