Bakıda və Abşeron yarımadasında iyunun 11 və 12-si əsasən gecə və səhər saatlarında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 12-si axşamadək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Qeyd edilib ki, çaylarda sululuğun artacağı, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan və Lənkəran-Astara bölgələrinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.