29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Sığınacaq uşaqlarının "cehiz sandığı": səhnədən cəmiyyətə verilən böyük mesaj

01 iyn 2024 09:00
GÜNDƏM
ads

Hər bir uşağın arzusu var. Şirniyyat, əyləncə, gəlincik, maraqlı oyuncaqlar, geyimlər, daha nələr-nələr... Bəziləri isə bu arzunu, xoşbəxtliyi doğulmadan itirir. Elə 12 yaşlı Məsumə də onlardan biridir. Adı kimi məsum.

Gənc Tamaşaçılar Teatrına yolum dəfələrlə düşüb. Bu gün isə burada fərqli ab-hava hiss etdim. Sənət ocağına gələnlər buraya bir məqsədlə yığışmışdı: gələcəyimiz olan uşaqlar üçün. Teatrın foyesində Uşaq Sığınacaq Mərkəzini sakinlərinin müxtəlif əl işləri nümayiş etdirilirdi. Fərqli, rəngarəng, gözoxşayan...

Bu zaman Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəni görürəm. Gah ətrafa baxır, uşaqları seyr edir, gah da tamaşa ilə bağlı son tamamlanma işləri ilə maraqlanırdı. Fürsət düşmüşkən, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində elə ən yaxşı müsahibim Kəmalə xanımdır dedim.

Kəmalə Ağazadəyə yaxınlaşıb, söhbətə başladıq. Azərbaycan Uşaqlar Birliyinin sədri bildirdi ki, əsas olan hər hansısa bir gün deyil, uşaqların özüdür:

“Arzum odur ki, uşaqlar problem yaşamasınlar, həqiqətən də uşaq kimi böyüsünlər. Təhsildən yayınmasınlar. Valideynlər uşaqlarına daha çox sevgi, qayğı göstərsin. Ölkəmizdə yetərincə erkən nikah var. Uşaqlarla birlikdə “Cehiz sandığı” tamaşasını hazırladıq. Tamaşada bir neçə qızın həyatı birləşib. Tamaşadakı rolların hər birini bu gün sığınacaqda görürük”.

Kəmalə Ağazadə ətrafdakı əsərləri göstərərək, "elə bunlar da həyatın bir parçasıdır" deyir.

Maraqlıdır, bütün bunları uşaqlar hazırlayıblar?

Kəmalə Ağazadə onların hər birininin sığınacaqdakı uşaq və qadınların əl işi olduğunu diqqətə çatdırdı:

“Burada sərgilənən əsərlər daha çox qadına qarşı şiddəti əks etdirir. Sığınacaqda olan uşaqların gözündə cəmiyyət qadını heyvana bənzədir”.

Bir anlıq səssiz qaldıq...

Bir uşaq, bir insan nə qədər ağrılı həyat hekayəsi yaşaya bilər ki, onun gözündə cəmiyyət bu rəngdə görünsün?!

Kəmalə xanımın sözlərinə görə, buradakı əsərlərin bir çoxu elə uşaqların öz həyat hekəyasidir.

Tamaşanın başlamasına artıq 25 dəqiqə qalmışdı. Ona görə də tez pərdə arxasına keçdim. Orada olanlar maraqlı idi. Çünki tamaşada iştirak edənlər sığınacağın uşaqları və tələbələrdir. Bəziləri ilk dəfə idi səhnəyə çıxırdılar. Boş səhnədə bir sandıq var idi. Üstü alqırmızı, rəngarəng. Ətrafında isə uşaqlar ora-bura qaçırdı.

Bu zaman tamaşanın baş qəhrəmanı 12 yaşlı Məsuməni gördüm. Saçlarını “keçi” yığmışdı. Hansı qız uşaqlığında “keçi”ni sevməyib ki? Hansı uşağa o maraqlı olmayıb ki... Bənövşəyi rəngdə gözəl libası təbəssüm bəxş edən üzünə çox yaraşırdı. Yaxınlaşaraq soruşdum:

- Necəsən, Məsumə?

- Yaxşıyam, amma bir az həyəcanlıyam. İlk dəfədir ki, tamaşada oynayacam.

- Bu gün sizin gününüzdür. Uşaqlara nə arzulayırsan?

- Çoxlu oxusunlar. Hə, bir də canları sağ olsun, üzləri gülsün.

Məsuməni çox yormaq istəmədim. Onsuz da həyəcanlı idi. Onu kənardan izləmək daha maraqlı idi. Məsuməyə baxanda gözüm başqa bir qıza sataşdı. Əlində qırmızı gəlinciyi var idi. Onu köksünə elə sıxmışdı ki... Sanki o gəlinciyi görüb uşaqlıq illərimə qayıtdım. Çünki onun bənövşəyisi məndə də var idi. Hətta indi də var. Atam 8 Martda almışdı, adını da Selcan qoymuşdum. Bəs bu gəlinciyin adı nədir? Bu sualla tamaşanın digər qəhrəmanına yaxınlaşdım.

- Yəqin ki, sən də tamaşada oynayırsan?

- Bəli, orada gəlin rolunu oynayacam. Özü də 15 yaşım var.

Bunu deyərkən əlindəki oyuncağa baxdım. Elə o özü də oyuncağa baxdı. Sanki ətrafdakı səslər bir anlıq susdu.

Nə mən gəlinciyin adını soruşa bildim, nə də o deyə bildi.

Artıq tamaşaya çox az qalmışdı, hər kəs yerinə keçməli idi. İşıqlar söndü. Qaranlıqdan mavi bir işıq doğdu. Səslər, ahənglər bir-birini elə tamamlayırdı ki... Bunun içində isə bir qızcığaz özünü itirmişdi. Hara qaçsa da onu çəpərə almışdılar. Bəzən də elə həyat budur. Ya da biz onu elə edirik. Uşaqlıqdan yaşadığımız həyat bizi ona öyrəşdirir.

İnsan ömrünün üç əsas dönəmi var: uşaqlıq, gənclik, qocalıq. Hər birini doya-doya yaşamaq lazımdır. Ən əsası da uşaqlıq. Çünki bu dövr birbaşa gələcəyə təsir edir. Uşaq dünyası sirli-sehrli olur. O sirlər isə ucsuz-bucaqsızdır. Onları qorumaq isə cəmiyyətin üstünə düşür. Cəmiyyət bir olarsa heç bir uşaq arzusuz böyüməz.

Tamaşa o qədər real idi ki, özümü onun içində hiss edirdim. Tamaşanın sonunda əməkdar artist, tamaşanın rejisoru Vaqif Kərimovla söhbətləşdik.

O, tamaşanın bir mesaj olduğunu diqqətə çatdırdı:

“Tərbiyə təkcə ailə və məktəbdən gəlmir, həm də cəmiyyətdən gəlir. Belə olduğu halda günahkar kimdir? Əgər cəmiyyət ətrafında baş verən hadisələrə biganə qalırsa, demək belə hadisələrin sayı daha çox olacaq. Tamaşadakı mesajımızda ondan ibarətdir ki, "ayıl, ey insan!" Ona görə də ətrafdakı hadisələrə hər kəs münasibət bildirməlidir. Uşaqların hər birinə xoşbəxtlik, saədət arzu edirəm. Yalnız deyib, gülsünlər. Sevinc dolu gülüşləri bizim ömrümüzü daha da artırır. Kaş, balaca üzləri daim gülsə...”.

Həqiqətən də kaş gülsə... Axı bundan gözəl nə var?

Artıq zal yavaş-yavaş boşalırdı. Səhnədə isə tək sandıq qalırdı. O sandıq ki, bizim qədim milli əşyalarımızdan biridir. Keçmişdə qızlarımız onsuz gəlin köçməzdilər. Səhnədəki sandığın isə üstü al-əlvan, içi qaranlıq, zülmət dolu idi. Bəzən o qaranlığı istəsək belə işıqlandırmaq çətin olur. Əslində isə oradan görünən ən kiçik üfüq belə bizə sevgi bəxş edir. Elə etməliyik ki, o qaranlıqdan işıq doğsun və həmin işıq gələcəyimizə yol açsın. Bu günün uşaqları gələcəyimizdir. Hər balaca işıq sabahın məşəlidir. O məşəlləri birləşdirib, həyatımıza rəng qatan, bizi dəyərli edən balalara işıqlı sabahlar bəxş etməliyik. İşıq varsa, gələcək var. Gələcək isə bizim sabahımız olan körpələrimiz, uşaqlarımız, balalarımızdır.

Yazımı tamaşanın son səhnəsində səsləndirilən mahnının sözləri ilə tamamlamaq istəyirəm:

Bizi yollar səsləyir,

Bizi yollar gözləyir,

Odlar qızı qonağın gəlir.

Nəğmələrim hər yanı gəzər,

Nəğmələrim dünyanı bəzər.

Nəğmələr güllərə bənzər,

Ellərə güllər ələrik,

Gözəl, zərif nəğmələri.

Şirin arzu olarıq,

Elin sözü olarıq,

Uzaq-uzaq yollar boyunca.

Şirin arzu olarıq,

Elin sözü olarıq,

Qoy, dinləsin ellər doyunca.

Aysel Şahmar

Foto: Elnur Muxtar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur