Mənim ömrüm təbiətin ömrüdür
Damlasında, ümmanında yaşadım.
Zirvələrin çiskinində, çənində,
Yağışında, dumanında yaşadım.
Türk dünyasının, ədəbiyyatının ən parlaq siması, müasir Azərbaycan poeziyasının ən sevilən nümayəndələrindən biri, dəyərli saz-söz ustadı, Xalq şairi, xalqın şairi Zəlimxan Yaqub. Bu gün yoxluğunu hiss etdiyimiz 8- ci anım ilidir ustadın.
Publika.az bu yazını böyük şairin ruhuna ithaf edir.
Ürəyində buz yaşamaq faciə,
Yarasında duz yaşamaq faciə,
Az yaşamaq, çox yaşamaq faciə,
Mən zamanı zamanında yaşadım.
Tanrı onu yazmaq, yaratmaq, vəsf etmək üçün yaratmışdı sanki. Sözün hökmündən, kəsərindən, dərdlərimizdən, könüllərimizin qəhərindən, tanrının xoş nəzərindən, ömrün neçə səfərindən dilə gələn, uca insan, böyük şair.
Öz mərdanə, cəsur, aydın şer dünyası ilə o, hamımızın ürəyinə elə zamanında yol tapa bildi. O şer deyəndə, danışanda səsi ilə dağları lərzəyə gətirirdi sanki. Qanında, valığında xalq qeyrətini, qəhrəmanlıq tarixini yaşadan Vətən qoxulu şair. Parlaq ictimai xadim, cəsur söz fatehi idi Zəlimxan Yaqub. Onun gedişi ilə Azərbaycan ədəbiyyatı çox böyük bir poeziya səhifəsini itirdi. Yeri dolmayan böyük bir itki...
Haqqı bir bil, biri saxla
Ocağa dön, piri saxla,
Zəlimxanı diri saxla,
Ölüb-getsə, gec olacaq.
Məni yaşadan şer, ədəbiyyat və sevgidir deyiridi hər zaman. Onun mayası çox böyük bir sevgidən yoğrulmuşdu. Çünki hər insan sevgini o əzəmətdə, o gücdə, o hissiyatda duyaraq, hiss edərək yansıda bilməzdi. Sevgi olan yerdə hər şey var, olmayan yerdə isə heç nə yoxdur, deyirdi hər zaman böyük şair. Harda bir bulaq axırsa, gül-çiçək açırsa, ağac yaşıllaşırsa bunların hamısı məhəbbətlə bağlıdır. Sevginin gücünə inanan Zəlimxan Yaqub ən ağır vaxtlarında belə yazdı yaratdı, son nəfəsinə kimi nə usandı, nə yoruldu.
Sevgidir həyatda hər şeydən baha,
Sevənlər üzünü tutar Allaha.
Heçnə istəmirəm dünyadan daha
Ürək ver, könül ver, dil ver, dodaq ver.
Lələ mənəm, Kərəm mənəm, kül mənəm,
Kül içindən baş qaldıran gül mənəm.
Sevgi adlı şah evində qul mənəm,
Şahdan gəlib şaha gedən yoldayam.
Zəlimxan Yaquba ədəbiyyata, şerə, sənətə olan sevgisi dayısından keçmişdi. Anası müsahibələrinin birində deyib ki, elə uşaqlıqdan fərqlənirdi, məclislər yaraşığı idi Zəlimxan. Özü isə deyirdi ki, şair olan adam hökmən göylər aləmi ilə bağlıdır, torpaqla, yerlə göylə bağlıdır. Sən o bağlılıqla özünü tapırsan, özünü kəşf edirsən. Bu isə yalnız Allahın verdiyi bir lütfdür. Hər adama, şairə nəsib olmayan hədiyyədir.
Sevinir yetirib, bitirəndə xalq,
Ağlayar çiyninə götürəndə xalq.
Böyük istedadı itirəndə xalq
Bir dizə çırpanda, beş başa çırpar.
O bu həyatdan gözü dolu getdi. Son nəfəsində belə heç nə istəmədi. Bircə Şuşanı yenidən görmək arzusundan başqa...
Şuşada bir doyunca
Könlümdən gəzmək keçir,
o günü gözləyirəm.
Qalxıb Cıdır düzünə
Gülümü dərmək keçir,
o günü gözləyirəm.
Zəlimxan Yaqub ədəbiyyatdan, əbədiyyətdən gələn bir səs idi. Poeziyasının gücünü xalqdan, torpaqdan alan və buna görə də heç zaman əzəmətini itirməyən şair idi.
Gün kimi doğulanlar qarışır şəfəqlərə,
Rəngimi solğun görüb sanma batabatdayam,
Canım qara torpağın, nəfəsim göylərindi,
Qəbirdə yatsam belə, həmişə həyatdayam.
Ölüm də, sevgi də, həyat da mənəm deyən ustad əmin idi ki, bir gün gedəcək olan onun cismidir. Yazdıqları, yaratdıqları, Zəlimxan Yaqub imzası həmişə yaşayacaq.
Sellər aparacaq, bəlkə, qəbrimi,
Məzarım hardadı, bilinməyəcək.
Bircə təsəllim var, eşqim ürəkdən,
Adım yaddaşlardan silinməyəcək!
Cəmilə Hətəmxanova