Bu yazıda Qarabağ, Qərbi Azərbaycan, Şərqi Zəngəzur geyimlərini araşdıracağıq.
Sənətşünas Sabirə Dünyamalıyeva deyir ki, Qarabağın milli kişi, milli qadın geyimləri öz görüntüsünə, dekorativ bəzəklərinə, biçim xüsusiyyətinə görə digər bölgələrdən fərqlənir. Çox təntənəli, daha mürəkkəb və daha çox fəlsəfi məna daşıyır.
Bu geyimləri iki tip geyimə ayırmaq olar. Biri bütün Azərbaycana aid olan çəpkən-nimtənə geyim dəstidir. Bu geyim dəsti bizim qədim cübbənin əsasında formalaşıb.
İkinci tip geyim isə xanlıqlar dövründə formalaşmış arxalıq deyilən geyimdir. Onun da iki forması var: biri meydan yaxalı, digəri buta yaxalı. Bu geyimi XVIII əsrdə fakt olaraq görmürük. Amma yazı olaraq Molla Pənah Vaqifin əsərlərində təsvir olunub. Meydan yaxalı, buta yaxalı, nilufər və ya “oynayanda pərvaz edə bilən”, dekorativ qolçaqlı üst geyimi geyinilirdi.
(Professor H.Quliyevin şəxsi kolleksiyasından olan Qarabağa aid fotoşəkillər)
Hər birimiz Vaqifi şair olaraq tanıyır, mən isə deyərdim ki, o həm də xalq rəssamıdır. Çünki bu geyimlərin nəinki gözəlliyini, o cümlədən biçim xüsusiyyətlərini, konstruksiyasını o qədər gözəl sözlərlə ifadə edib ki, onu görməyən adam yazıları oxuduqca geyimi təsvir edə bilər.
Vaqifin əsərlərindən sonra bu geyimlə bağlı orijinal fotoşəkillər, muzeydə olan görüntülər və başqa xalqların Qarabağ arxalıqları haqda dediyi xoş fikirlər qalır. Qız məktəbinin baxıcısı deyirdi ki, Qarabağın qadın arxalıqları o qədər gözəl idi ki, ora gəlmiş ermənilər öz geyimlərini atıb bu geyimləri geyinirdilər. Burdan həm də o mənaya gəlmək mümkündür ki, ermənilər bura sonradan gəliblər. Yəni onlar bu geyimləri bura gələndən sonra görüblər. Bu fakt erməni araşdırmaçısı Babayanın əsərində qeyd olunub.
(Professor H.Quliyevin şəxsi kolleksiyasından olan Qarabağa aid fotoşəkillər)
Qarabağ geyimlərində tikmələr çox istifadə olunub. Qadın geyimləri digər Azərbaycan geyimləri kimi alt və üst geyimlərdən, o da öz növbəsində çiyin və bel geyimlərindən ibarətdir. Tuman alt və üst tumanı olmaqla biçim və tikiş texnologiyası, demək olar ki, eyni idi. Üst tumanın ətək bəzəyi, materialı alt tumandan fərqlənirdi. Tuman uzun olub, dabanı örtür. Bel hissədə qatlamalarla yığılıb. Aşağı hissəsində iki sıra zolaq tikilib. Əgər parça bəzəklidirsə, onda bu zolaq saya olurdu.
Bel hissədə başqa parçadan iki dəfə qatlanmış bağ yeri tikilir. Bel hissədə xüsusi yarıqdan bağ yerinə tuman bağı keçirilir. Bu yarığın kənarları səliqəli hörmələnir ki, bel bağını keçirən zaman parçanın sapları tökülməsin.
Bel bağı– xüsusi toxunmuş qaytan və ya bir neçə qatdan ibarət qalın sap olub, sümük və ya metal sancaq vasitəsilə bağ yerində olan yarıqdan keçirilir. Bu qaytan uclarına qotazlar, muncuqlar bərkidilir və ya sadəcə olaraq düyün vurulur. Bu hissə kifayət qədər estetik görünür. Bel bağının görünməsi isə eyib sayılırdı.
(Qarabağa aid geyim dəsti)
Çəpkən bütün Azərbaycan ərazisində geniş yayılmış üst geyimi kimi Qarabağda da geyinilibdir. Çəpkən astarlı və kip bədən ölçüsünə uyğun tikilir. Çəpkənin digər üst çiyin geyimlərindən fərqi onun sonu əlcəklə bitən qondarma qolunun–yeninin (qolçağının) olması idi. Belə qolçaq sərbəst olaraq çiyindən sallanır. Bəzən bu qolçağın kənar xətti boyunca düymələr tikilirdi.
Milli geyimdə, qarsaq ümumiyyətlə olmadığından, kürəyin orta hissəsinin qurulması üçün 1.5 sm ölçüdə bel qarsağını yan tikiş xəttinə keçiririk ki, bunun da hesabına çəpkən bel hissədə bədənə kip oturur.
(Qarabağa aid çəpkən)
Çəpkənin yanlarında çapıq qurulur. Bu çapıqların hesabına oma hissədə çəpkənə genişlik verilir. Çəpkənin orta xətti də kürəyin orta xəttinə analoji olaraq qurulur və yaxada hamar əyri alınır. Ön tərəfin yan əlavəsi də kürəyin yan əlavəsinə müvafiq qurulur. Çəpkənin uzunluğu müxtəlif olurdu. Çəpkənin kürəyinin eni kürəyin normal eninin yarısı qədərdir, ona görə də kürəyin eninin qalan hissəsi qol dövrəsinə əlavə edilir. Çəpkənin qolçağının kənarlarına, boynuna, yaxasına, ətəyinə, çapıqların kənarına bafta tikilir. Bir də ki, milli geyimlərdə parça nazik olduqda beldə qatlama qarsaq, qalın olduqda isə kəsmə qarsaq tikilir.
Qarabağ arxalıqlarında qırçınlı ətəyin bel tikişinə iki cür birləşməsinə rast gəlinir.
Qarabağ geyim dəstinin əsas elementi olan arxalığın mürəkkəb konstruksiyası ona xüsusi estetik gözəllik verirdi. Arxalıq qiymətli parçalardan tikilirdi. Əsasən “tox” rənglərdən istifadə edilirdi, “qışqıran” rənglərdən nə cavan, nə də yaşlı qadınlar geyinirdi. Qol ağzına, yaxa kəsiyinə verilən qırçınlı -büzməli əlavələr arxalığı daha baxımlı və gözəl göstərir.
Qarabağda araxçının üstündən geyinilən kəlayağı diaqonal boyunca qatlanır, mərkəz təpəyə düşmək şərtilə iki uc öndə, boğaz altda qarşı-qarşıya gətirilir, sonra ya sağ uc sol çiyindən arxaya atılır, sonra isə sol ucu geri qatlanır, sol çiyindən arxaya gedir, ya da qarşı-qarşıya gələn uclar əks tərəflərə aparılaraq boyun arxasında düyün vurulurdu. İmkanlı ailələrdə qiymətli başlığa bənd edilmiş, qiymətli parçalardan tikilmiş örpək sərbəst şəkildə arxaya atılır. Bu halda boğazı üst köynəyinin dik yaxalığı örtür”.
“Nilufər qol” arxalıqlar, “Lalə dövrü”ndən gəlmə zanbaq yaxa
Qarabağ geyimlərinin özəlliklərindən danışan Gülzadə Abdulova bildirib ki, Qarabağ qadınlarının geyim dəstində arxalıqlar üstün mövqe tutub.
“Bizim geyimlərimiz iki baza əsasında formalaşıb. Biri arxalıq, biri də çəpkənlərdir. Bakı- Şirvan, Qarabağ, Gəncə, Quba arxalıqları demək olar ki, eynidir. Ətək hissəsi fərqlidir. Amma Naxçıvan, İrəvan, Təbriz, Lənkəran-Astara, Şəki geyimi çəpkən üzərində formalaşıb. Qarabağın ətəyi Bakı- Şirvan ətəyindən bir az qısadır.
Qarabağın 19-cu əsrin sonundan sonra meydana gələn arxalıqları yenə bu baza əsasında formalaşsa da qol hissəsi Avropadan götürülmədir, onlara “nilufər qol” arxalıqlar deyilir. Yaxası Osmanlı sarayından “Lalə dövrü”ndən gəlmə zanbaq yaxadır. Qarabağın oyma yaxa arxalığını isə kişi də qadın da geyinib.
Qarabağın kübar ailələrinin Avropa və Rusiya ilə təmasının təsiri nəticəsində onların geyimlərində kənar təsirlər özünü daha tez büruzə verməyə başlayıb.
Şərqi Zəngəzur əvvəl Qarabağın tərkibində olub. Qarabağ geyimi ilə eynilik təşkil edir. Şərqi Zəngəzur elə bir zonada yerləşib ki, onlara Naxçıvan geyimləri də təsir edə bilərdi, amma buna baxmayaraq daha çox Qarabağ geyimi geyiniblər”.
Kolleksioner, "FR collection"-nın yaradıcılarından biri, tədqiqatçı Ruslan Hüseynov deyir ki, Qarabağdakı uşaq geyimləri böyüklərin geyimləri ilə eyni kəsim formasında olurdu, fərq yalnız ölçülərdə idi. Bəy ailəsindən olan xanımlar milli geyimlərin sirləri, onları lazımı səviyyədə doğru şəkildə üzərində sərgiləmək, hətta zinət əşyasının səsi belə gəlməmək şərti ilə addımlamağı və xanımlıq tituluna yaraşacaq digər davranış qaydaları hələ uşaqlıq yaşlarından aşılanaraq yetişdirilirdi.
(Şuşa XIX əsr)
Bu Qarabağa aid kişi milli geyimidir. XIX əsrin sonlarına aiddir. Vəznəli çuxadır. Parçası keçinin tükündən toxunub. Şal parça adlanır. Daha çox qış mövsümündə istifadə edilirdi. Bir çox yerlərdə də arxalıq deyilir. Köynəyi düz yaxa köynəkdir. Kişilərdə müxtəlif cür köynəklər olub. Köynək zərxaradan yəni ipəkdən hazırlanıb.
(İrəvan geyimi)
İrəvan geyimlərində geyimin təbəqəli üslubu çox möhtəşəmdir.
“İrəvan geyimləri dəbdəbəli geyimlərdən sayılır. Tumanların qısalığı topuqdan bir qarış yuxarı idi. Şamaxıda yaxud Qarabağda tumanın ətəyinə bir bafta yaxud şahbəsən tikilirdisə İrəvan geyimində bu, dörd- beş sıra görünürdü.
(İrəvan qadın milli geyimi: XIX əsrin sonu)
Üst geyimlərində altdan nimtənə, üzərindən isə bahari yaxud küləçə istifadə olunurdu. Bahari sadə, kənarı kantlarla bəzədilmiş geyim növüdür, küləçə eynən bahariyə bənzəyir, xırda detallarla fərqlənir və kənarı xəzlə bəzədilir. Bu da əsasən daha çox qışda geyinilən üst geyimidir.
Bu dəstdə altdan nimtənə, üstdən bahari geyinilib. XIX əsrə aid geyimdir. Başında cığcığa var. Şal isə şahnaz örpəklərindəndir. İpək və 94 probla gümüşdən hazırlanır. Kənar hissəsində fabrikanın adı və gümüşün əyarı qeyd olunur. Bunlar Moskvada məhz Qafqaz qadınları üçün hazırlanırdı. İpəyi isə bizdən – Nuxadan götürürdülər. Çünki bəzilərinin etiketlərindən ipəyin haradan gəldiyini qeyd edirdilər".
Sabir Dünyamalıyeva isə deyir ki, İrəvan geyimləri barədə çox sayda faktik material tapmaq mümkün deyil. O bizə öz kitabında da çap etdirdiyi şair Ramiz Heydərin şəxsi kolleksiyasından olan qadın şəklini göstərərək deyir:
"İrəvan zonasından məcburi köçkün olan dərzidən aldığım məlumata görə qadın geyimi tuman, uzunqol arxalıq və köynəkdən ibarətdir. Qadın tuman və arxalığı Naxçıvan geyimlərində olduğu kimidir. Köynəyi nisbətən fərqlənir, yaxası düz, kəsmə yaxa deyil, oyma yaxa kəsilib, yaxanın kənarlarına həşiyə tikilib. Arxalığın kənar xətləri və tumanın ətəyi köbə ilə bəzədilib”.
Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın milli geyimlərinin təbliği – “Ənənədən gələcəyə” adlı layihə çərçivəsində hazırlanıb.
Qeyd: Yazıda yer alan bir çox fotolar Sabirə Dünyamalıyevanın "Azərbaycan geyimlərinin bədii-dekorativ xüsusiyyətləri" kitabından götürülüb.