Narkokuryerdə 22 kiloqram marixuana aşkar olundu
Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən Qarabağ münaqişəsi və bu prosesin diplomatik-siyasi mərhələləri hələ də ictimaiyyətin böyük maraq göstərdiyi mövzulardandır. Bu tarixi, siyasi yolun ən həssas məqamlarını, aparılan danışıqların dinamikasını və Azərbaycanın dövlət maraqlarını qorumaq uğrunda keçdiyi mürəkkəb mərhələləri daha dərindən anlamaq üçün İctimai Televiziya tərəfindən hazırlanan “Təmas Xətti” sənədli filmi mühüm informasiya mənbəyinə çevrilib.
Qeyd edək ki, “Təmas Xətti” verilişi İTV-də 3–8 noyabr tarixləri arasında yayımlanıb və geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edib.
Qutb.az olaraq filmin yaradıcı heyətinə üz tutaraq ideyanın yaranma səbəbləri, çəkiliş prosesi və layihənin əsas missiyasını daha yaxından öyrənməyə çalışdıq.
Bu məqsədlə “Təmas xətti” sənədli filminin müəllifi və aparıcısı Murad Hüseynovla söhbətləşdik:

– “Təmas Xətti” layihəsi necə meydana çıxdı? Bu sizin şəxsi layihəniz idi, yoxsa təklif kimi irəli sürülüb?
– “Təmas Xətti” filminin ideyası təxminən 1 il əvvəl “Diqqət Mərkəzi” verilişlərindən birində aparılan canlı müzakirələrdən sonra, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla efir sonrası söhbət zamanı yarandı. Həmin dövrdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları başlamışdı və bizdə bir əminlik var idi ki, Azərbaycan sonda sülhü də qazanacaq. Bu proqnozdan çıxış edərək qərara gəldik ki, Qarabağ ətrafında baş verənləri ilk gündən sülh müqaviləsinə qədər olan dövrdə sistemli şəkildə təqdim edək. Bu, çox geniş zaman kəsiyini əhatə etdiyindən proseslərin bütün iştirakçılarını filmə cəlb etmək mümkün deyildi. Üstəlik, Qarabağ məsələsi Azərbaycanın milli ideyası olduğundan son 30 ildə bir çox siyasi və iqtisadi proseslər də bu mövzunun ətrafında cərəyan edib. Məhz buna görə hadisələri nəql edən əsas şəxslər kimi sabiq xarici işlər nazirlərinə və hazırkı nazir Ceyhun Bayramova müraciət etdik. Bu insanlar proseslərin birbaşa içində olublar və onların açıqlamaları vasitəsilə Azərbaycan dövlətinin işğal altındakı torpaqların azad olunması üçün keçdiyi mərhələləri tamaşaçıya göstərmişik. Beləliklə, 7 seriyadan ibarət bu layihədə Azərbaycanın Qarabağ probleminə dair son 30 illik danışıqlar prosesini və keçdiyi yolu maksimum aydın şəkildə təqdim etməyə çalışmışıq.
– Xarici işlər nazirləri kimi yüksək vəzifəli şəxslərin müsahibəyə dəvət olunmasında çətinliklər olurmu? Məsələn, sabiq nazir Hüseynağa Sadıqovla necə əlaqə qurdunuz?
– Sabiq xarici işlər nazirləri ilə əvvəllər də ünsiyyətimiz olub. Onları müxtəlif verilişlərə dəvət edir, müsahibələr alırdıq. Hüseynağa Sadıqovun əlaqə nömrəsini tapdıq və onunla böyük məmnuniyyətlə əlaqə qurduq. Sabiq nazirlər film ideyasını çox müsbət qarşıladılar və tərəddüdsüz müsahibə verməyə razılaşdılar.
Hazırkı xarici işlər naziri Ceyhun Bayramova da rəsmi məktubla müraciət etdik və cənab nazir dəvətimizi qəbul etdi. Filmdə iştirak edən bütün şəxslərə bir daha təşəkkür edirik. Həyatda olan sabiq xarici işlər nazirlərinin və hazırkı nazirin bu layihədə iştirakı filmin tam və əhatəli olmasına imkan verdi.

– “Təmas Xətti” ictimaiyyətə hansı əsas mesajı verir?
– “Təmas Xətti” Azərbaycanın 30 ildən artıq dövrdə keçdiyi tarixi yoldan danışır. Qarabağ münaqişəsi hər bir azərbaycanlının həyatına təsir göstərib. Filmdə biz tamaşaçıya Azərbaycanın qarşılaşdığı faciələri və çətinlikləri, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mahiyyətini, prinsipiallığını, diplomatik manevrləri və xalqın lider ətrafında birləşdiyi zaman hər şeyin mümkün olduğunu göstəririk. Müsahiblərin açıqlamaları indiki Qələbənin necə çətin əldə olunduğunu tamaşaçıya daha dərindən anlamağa imkan verir. İnsanlara çatdırılır ki, bu Qələbəyə necə əziyyətlə gəlib çatmışıq, keçmişi unutmayıb, Qələbəni dəyərləndirib qorumalıyıq.
– Verilişdə həm hazırkı, həm də sabiq nazirlər iştirak edir. Sabiq nazirlərin bəzi fikirləri hazırkı siyasi xəttlə üst-üstə düşməyə bilər. Bu halda efir strategiyanız necə olur?
– Biz bu barədə ümumiyyətlə düşünmədik, bizim üçün əsas o idi ki, müsahiblər sərbəst və səmimi olaraq öz fikirlərini bölüşsünlər. Amma filmin hazırlanması zamanı məlum oldu ki, Qarabağ məsələsində şəxslər dəyişsə də, dövlətin mövqeyi dəyişməyib. Müsahiblər siyasət və diplomatiyanın imkan verdiyi çərçivədə açıq danışırdılar və onların bütün fikirləri filmə daxil edilib.
Bu mövzuda dövlətin bütün dövrlər üçün dəyişməz xətti olub – torpaqların işğaldan azad edilməsi. Yalnız bu məqsədə nail olma metodları zamanla fərqlənib. Məsələn, 2000-ci illərdə hərbi həll variantı haqqında açıq danışmaq mümkün deyildisə, 2008-ci ildən sonra Azərbaycanın güclənməsi ilə hərbi amil daha real alətə çevrildi. Bu isə siyasətin dəyişməsi deyil, metod fərqidir.

– Elə hallar olubmu ki, sabiq bir vəzifəli şəxsin fikri hazırkı siyasi xəttə uyğun gəlmədiyi üçün efirdən çıxarılsın?
-Bu suala artıq cavab verdim. Belə bir hal olmayıb. Müsahiblər maksimum səviyyədə açıq və səmimi idilər. Onların danışıqları yalnız redaktə xarakterli montaj olunub. Hansısa təkrarlanan fikirlər çıxarılıb. Burada da məqsəd filmin tamaşaçı üçün daha baxımlı edilməsi olub.
– Sizcə, hansı müsahiblə söhbət daha maraqlı idi?
– Bunun qiymətləndirilməsini özüm üçün etik saymıram. Hər bir müsahib öz dövründə baş verənləri danışdı və hər biri fərqli üsluba malikdir: kimsə analitik, kimsə emosional, kimsə daha informativ danışdı. Bu baxımdan qiymətləndirməni yalnız tamaşaçı öz zövqünə görə verə bilər. Müsahiblərin səmimiyyəti və tərəddüdsüz iştirakı filmin ümumi uğuruna ciddi töhfə verdi və bunun üçün onlara bir daha təşəkkür edirik.
Verilişləri təqdim edirik:
Şuşanın işğalı ərəfəsində keçirilən müəmmalı Tehran görüşünün gizlinləri | TƏMAS XƏTTİ
1994-cü ildə atəşkəs müqaviləsi necə imzalandı? | TƏMAS XƏTTİ
Azərbaycan 1998-ci ildə "ümumi dövlət" prinsipindən necə imtina etdi - Təmas Xətti
Heydər Əliyev Tehranda iranlılara necə “coğrafiya dərsi” keçdi? - Təmas Xətti
Azərbaycan Qarabağ məsələsinin sülh yolu ilə həllinə ümidlərini nə vaxt itirdi? | TƏMAS XƏTTİ
Müharibə dövründə aparılan danışıqların detalları ilk dəfə İTV-də - Təmas Xətti
Qələbədən sülhə aparan yolda hansı maneələr var idi? - Təmas xətti