Dünyanın ən zəngin adamlarından biri kimi tanınan Bruney Sultanı Hassanal Bolkiahın oğlu şahzadə Abdul Mətin və onun nişanlısı Anişa Rosnah İsa Kalebicin toy mərasimləri dünya mediasında gündəm olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yanvarın 7-də başlayan rəngarəng mərasimlər silsiləsi yanvarın 16-da başa çatacaq. Bəli, düz oxudunuz... Bir sıra tədbirləri əhatə edəcək toy 10 gün davam edəcək. Bruneydə toylar adətən bir neçə gün davam edir və onun bu qədər uzanmasının səbəbi yüz illər əvvələ gedib çıxan ənənələrdir. Çünki toylara bir yox, çoxlu mərasimlər daxildir. Xüsusən də şahzadə evlənirsə, toy daha da möhtəşəm təşkil olunur.
Eyni zamanda instaqram fenomeni kimi tanınan 32 yaşlı şahzadə Abdul Mətin və nişanlısı Anisna Rosnahın nikah mərasimi bazar ertəsi "Qurani-Kərim"in oxunması ilə başlayıb. Ağ paltar geyinmiş gəlin qadın qonaqlarına ayələr oxuyub.
Abdul Mətinin özündən əvvəl evlənən böyük bacılarının toylarında olduğu kimi, bu silsilə tədbirlərin ən rəngarəng hissəsi bəylə gəlinin bir-birinə məcun çəkməsi olacaq. Yüz illər əvvələ söykənən bu ənənəyə görə, ailə qohumları rəngli tozlardan hazırlanmış məcunları bəylə gəlinə tətbiq edirlər. Bunun yeni evlənən cütlüklərə məhsuldarlıq və zənginlik gətirdiyinə inanılır.
Toyun beşinci günü keçiriləcək dini nikahdan sonra gənc cütlük rəsmən ər-arvad olacaq. Həmin gün onlar ilk dəfə ər-arvad kimi qonaqların qarşısına çıxacaqlar. Bu mərasimdən sonra Bruneyin paytaxtı Bandar Seri Beqavanda parad keçiriləcək. Ertəsi gün dünyanın müxtəlif yerlərindən gələn qonaqların iştirakı ilə toy süfrəsi təşkil olunacaq. Qonaqlıqda keçən yay evlənən İordaniya vəliəhdi Hüseyn və həyat yoldaşı Şahzadə Racvanın, həmçinin Britaniya kral ailəsini təmsil edən Uels şahzadəsi Uilyam və şahzadə Keytin də iştirak edəcəyi gözlənilir.
Mərasimlərdə gəlin Anişa yerli modelyerlərdən Teh Firdausun imzası olan libas geyinib.
Xatırladaq ki, Anişa Bruney Sultanı Hassanal Bolkiahın məsləhətçilərindən olan Pehin Dato İsanın nəvəsidir. Şahzadə ilə Anişanın qardaşının yaxın dost olduqları da deyilir.