Yunan əsilli amerikalı opera ifaçısı Mariya Kallasın həyatından bəhs edən "Mariya" filminin çəkilişləri payızda başa çatdı. Bu film onunla əlamətdardır ki, opera ifaçısını dünya şöhrətli Hollivud ulduzu Ancelina Coli canlandırır, onun tərəf müqabili rolunda isə türkiyəli aktyor Haluk Bilginer çıxış edir. Filmin çəkilişləri Macarıstanda xüsusilə böyük-səs küyə səbəb oldu. Ona görə ki, ekran əsərinin böyük hissəsi Budapeştin tarixi küçələrində və məşhur Opera Evində lentə alınırdı. Sözsüz ki, Macarıstan Dövlət Opera Teatrının seçilməsi təsadüf deyil. Macarıstan Dövlət Operası Macarıstanın teatr həyatında aparıcı yer tutur: Paris Operası ilə yanaşı, o, dünyanın ən böyük inteqrasiya olunmuş incəsənət mərkəzlərindən biridir. Tarixi bina illərdir macar xalqının mədəni, ədəbi, musiqi və estetik zövqünün formalaşmasına xidmət edir. Opera Teatrı Budapeştin ən görkəmli binalarından biri olmaqla yanaşı, həm də 300 illik tarixə malik opera ifaçılığının bir nömrəli müəssisəsi və Macarıstanın klassik musiqi mədəniyyətinin simvoludur.
Ancelina Coli teatrda Cüzeppe Verdinin "Rekviyem"ini izləyərkən
Əvvəllər Kral Macarıstan Opera Evi kimi tanınan Macarıstan Dövlət Opera Teatrı 1884-cü ildə öz qapılarını tamaşaçıların üzünə açıb. Beləliklə, məşhur memar Mikloş İblinin müəllifi olduğu neorenessans sarayı yüz qırx ildir ki, opera və balet həvəskarlarını qəbul edir. Zəngin şəkildə bəzədilmiş bina memarın şah əsərlərindən biri hesab olunur. Barokko elementləri ilə neorenessans üslubunda tikilib. Böyüklüyünə görə, ən nəhənglər arasında yer almasa da, gözəllik və akustik keyfiyyət baxımından Budapeşt Opera Evi dünyanın ən yaxşı opera evlərindən biri hesab olunur. Hər il minlərlə turist Budapeştin ən mühüm abidələrindən olan bu binaya baş çəkir və uzun müddət təsirindən çıxa bilmirlər. Əgər siz də bu tarixi abidəni ziyarət etmək həvəsindəsiniz, gəlin içəri keçək...
Publika.az Macarıstan Dövlət Opera Teatrından reportajı təqdim edir.
Kənardan bina o qədər əzəmətli görünür ki, içəri keçməsən də, bilirsən ki, orda səni heç vaxt rastlaşmadığın bir möhtəşəmlik gözləyir. İntuisiyam məni yanıltmır, tavanlar, interyer, bəzəklər, sütunlar və çilçıraqların gözəlliyi səni daim yuxarı baxmağa və hər şeyi xırdalıqlarına qədər incələməyə məcbur edir. Ancaq yüngül boyun ağrısı səni bu məşğuliyyətdən yayındıra bilər. Operada tamaşaçılar çoxlu xoş anlar yaşayırlar və təkcə tamaşa izləyərkən deyil. Məsələn, fasilə zamanı teatr kafesindən qəhvə sifariş edə, yaxud eyvana çıxıb axşam işıqlarında Andraşşi prospektinin mənzərəsindən həzz ala bilərsiniz.
Operanın dizaynı Mor Tan, Karoli Lotç və Bertalan Sekeli kimi, tanınmış macar rəssamları tərəfindən hazırlanmış zəngin interyerlərdən ibarətdir. Bina Motsart, Bethoven, Çaykovski, Verdi və Feren Liç kimi əfsanəvi bəstəkarların heykəlləri ilə bəzədilib, lakin sizi foyenin nəcib mərmərindən, əsas pilləkəndəki dörd nəhəng mərmər heykəldən, qırmızı xalçalı pilləkənlərdən, zərli sütunlardan, Karoli Loçin əsəri olan monumental günbəz freskaya qədər hər şey heyran edəcək. Bir sözlə, hara baxsanız, siz Şelkunçik, Bank Ban, Aidanın əzəmətli atmosferinə mükəmməl uyğun gələn zərif əzəmət görəcəksiniz.
Binanın tikilməsinə necə qərar verildi?
Andraşşi prospektinin tikintisi ilə 19-cu əsrin sonunda Peştin şəhər mənzərəsi formalaşdı və müstəqil opera teatrı ideyası da gündəmə gəldi. Binanın tikintisi bir çox cəhətdən zəruri idi, çünki dövrün Milli Teatrı həm dram, həm də opera tamaşalarının tələblərini getdikcə ödəyə bilmirdi. Genişmiqyaslı layihənin ideoloji ilhamçısı məşhur bəstəkar Feren Liç, eləcə də onun həmkarı, Macarıstan milli operasının banisi, sonralar operanın ilk rejissoru olmuş Feren Erkel olub. 1872-ci ildə Baş nazir Menihert Lonyayın təklifi ilə Milli Teatrın direktoru Bodoq Orçi hərtərəfli plan təqdim etdi. 1873-cü ildə Budapeşt İctimai İşlər Şurası və İmperator və Kral I Frans Cozef təşəbbüsə töhfə verdi.
Müsabiqədə iştirak etmək üçün altı memar dəvət olunmuşdu. Onlar arasından Mikloş İblin tenderdə qalib gəldi. Münsiflər heyəti, səs çoxluğu ilə İblin layihəsinin həyata keçirilməsini layiq gördü. Tikinti proqramını münsiflər heyətinin sədri və Budapeşt İctimai İşlər Şurasının vitse-prezidenti Friqes Podmaniçskiy müəyyənləşdirmişdi. İşin yalnız macar ustaları tərəfindən görülməsi, həmçinin istifadə olunan materialların yalnız Macarıstandan gəlməsi ilə bağlı mühüm şərt qoyulmuşdu. Birinci şərtlə bağlı problem yox idi, lakin mərmər və sütunlar xaricdən gətirilməli idi. Üstəlik, binanın tikilməli olduğu yerdə olduqca şübhəli reputasiyası ilə tanınan bir mehmanxana var idi. Sahibləri təkcə operanın tikintisinə deyil, həm də bütün məhəlləni müasirləşdirmək üçün digər işlərə daim mane olurdular.
Mikloş İbl beş istisna olmaqla, bu tələbi yerinə yetirdi: mərmər üzlük Karraradan, qranit sütunlar Avstriyadan, palıd və sidr üzlükləri İtaliyadan, səhnə avadanlığı Vyanadan, çilçıraqlar isə Maynsdan gətirildi. İndiyə qədər heç kim başa düşə bilmir ki, Mikloş İbl hansı hiylələrə əl atıb ki, nə şiş yansın, nə kabab.
Tikinti icazəsi 1875-ci ildə verilmişdi, lakin I Frans İosif Peştdəki opera teatrının Vyanadakından böyük olmamaq şərti ilə icazə verdiyi üçün ilkin plana bir neçə dəfə yenidən baxıldı. Buna görə də, opera evinin tikintisi düz doqquz il çəkdi. İbl foyenin yuxarı mərtəbəsini plandan çıxardı və foyenin ölçüsünü azaltdı, bununla da binanı daha mütənasib etdi. Teatr binasının simmetriyası həm en, həm də uzunluq baxımdan mükəmməldir. Bədii konsepsiya eyni qaldı, memarlıq və dekorasiyalar hamısı musiqinin gücünü ifadə etməyə çalışır, xüsusilə qədim mifoloji hekayələr. Mikloş memarlıq strukturlarının gözəlliyinin digər parametrlərini gizli saxlamaqla sadəcə maksimum hündürlüyü qeyd etmişdi. Nəticədə daxili dekorasiyanın dəbdəbəsi və əzəməti Vyanadakı opera evinin interyerlərindən qat-qat zəngin oldu. Əlahəzrət bu üstünlüyünün fərqinə varmaya bilməzdi və buna görə də açılış tamaşası zamanı teatrı qəzəblə tərk etdiyi deyilir.
F.Erkelin “Bank Ban” və “Laszlo Hunyadi” kimi əsərləri, həmçinin Vaqnerin “Lohenqrin” əsərinin ilk pərdəsi yeni teatrın səhnəsində nümayiş etdirilmək şərəfini qazandı. Daha sonra repertuara macar bəstəkarı və pianoçusu Bela Bartokun şedevrləri – “Mavi saqqal herqosun qəsri” operası və “Taxta şahzadə” baleti daxil edilib. 1886-cı ildən hər il Budapeşt Opera Balının keçirilməsinə qərar verildi və bu günə qədər böyük sosial əhəmiyyətə malikdir. Bal hər il təntənəli şəkildə keçirilir, ölkənin mədəni, işgüzar və siyasi elitasını cəlb edir.
İlk tamaşaların böyük uğuruna baxmayaraq, 1888-ci ilə qədər teatr çətin maliyyə vəziyyətində idi. Yeni rejissor, bəstəkar və dirijor Qustav Mahler təkcə istedadlı musiqiçi deyil, həm də teatrı borcdan çıxarıb yüksək sənət səviyyəsinə qaldırmağı bacaran bir menecer olduğunu göstərdi. Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra və İkinci Dünya Müharibəsi başlamazdan əvvəl Macarıstan Dövlət Opera Teatrı Böyük Britaniyadan Tomas Bikemi, Vyanadan Bruno Valter və Herbert fon Karajanı və s. aparıcı dünya şöhrətli dirijorları dəvət etdi. İddialı memar İbl arxitekturasına və daxili dekorasiyasına görə, Vyana Operasını, eləcə də Drezdendəki teatrı və Fransız musiqi və teatr mədəniyyətinin mərkəzi olan Opera Garnier teatrını geridə qoyacaq bir bina tikmək arzusunda idi. Ustadın öz ideyasına nail olub-olmamasını mühakimə etmək sizin ixtiyarınızdadır. Nə olursa olsun, Macarıstan Operasının binası bu gün dünyanın ən yaxşılarından biri hesab olunur.
Maraqlı faktlardan biri də odur ki, İkinci Dünya Müharibəsi zamanı Opera Teatrı 1944-cü ilin Milad günündən etibarən çıxışını dayandırdı. Onun geniş zirzəmisi sığınacağa çevrildi. Şirkətin bir çox üzvü və Opera Teatrının işçiləri, o cümlədən Zoltan Kodali mühasirə həftələrində burada sığınacaq tapdılar. Bina nisbətən az ziyanla mühasirədən sağ çıxdı. Bərpa işlərindən sonra Opera 11 fevral 1945-ci ildə öz qapılarını açdı. 1980-ci ildə teatr yenidən qurulmaq üçün bağlandı və 1984-cü ildə qapılarını yenidən açdı.
2015-ci ildə Britaniyanın “The Telegraph” onlayn jurnalı Opera Evini dünyanın ən gözəl konsert məkanlarından biri elan edib. 2017-ci ildə bina təmir işləri üçün bağlanıb. Üç illik təmirdən sonra Opera Evi 2022-ci ilin martında açıldı. Abidənin təmirinin yekun dəyəri 55 milyard HUF (139,800,135,20 avro) təşkil edib.
Dövlət Opera Teatrının 1261 tamaşaçı tutumuna malik olmasına baxmayaraq, təəssüf ki, ona olan maraq böyük olduğundan bilet almaq çox çətindir. Teatr zalı həmişə doludur, operanın unikallığı ondadır ki, dəbdəbəli formalarla eyni dərəcədə gözəl məzmuna malikdir. Bununla belə, siz həmişə təxminən 8 avroya opera turlarından birini alaraq onun heyrətamiz interyer formalarına və rənglərinə heyran olmaq imkanınız var. Hər gün bu qədər xarici vətəndaşın gəlişi ilə gündə üç dəfə ingilis, ispan, italyan və fransız dillərində opera turları təklif olunur, hətta mini konsert də.
p.s Macar dilini bilmirsisinizsə, balet tamaşalarının gözəlliyindən zövq almağı tövsiyə edirəm. Ümumiyyətlə, bu şəhəri bu teatra baş çəkmədən təkr etmək günahdı. Balet tamaşaları olduqca möhtəşəmdir və düşünürəm ki, bu təəssürat axınını daha ətraflı qələmə almağa dəyər.
Ardı var...
Aytən Məftun