Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimlərin daha erkən pensiyaya çıxa biləcəyinə aydınlıq gətirib.
Qutb.az-ın məlumatına görə, qurumdan bildirilib ki, əlilliyi olan uşağı olan qadınların və kişilərin uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, qanunvericilikdə nəzərdə tutulan digər şərtlər də nəzərə alınmaqla yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
"Bu güzəşt kişilərə münasibətdə qadın vəfat etdiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir. Əlilliyi müəyyən edilmiş şəxsə qulluq etmə ilə bağlı erkən pensiya hüququ isə qanunvericilikdə nəzərdə tutulmayıb", - nazirlikdən verilən açıqlamada deyilir.
Bildirilib ki, sığortaolunanın əmək pensiyası hüququ müəyyən edilən zaman orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilir.
"Həmin müddət üzrə sığorta stajı orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrə əsasən nəzərə alınır", - rəsmi açıqlamada qeyd olunub.
Nazirlik vurğulayıb ki, pensiya yaşına çatmış və ya əlilliyi müəyyən edilmiş sığortaolunan qulluqetmə müddətinin iş stajına daxil edilərək əmək pensiyası hüququna baxılması üçün qeyd olunan sənədlərlə istənilən DOST mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun istənilən aidiyyəti struktur bölmələrinə müraciət edə bilər.“