Dekabrın 13-də İsrail və İordaniyanın hərbi və təhlükəsizlik idarələrinin nümayəndələri Suriyadakı vəziyyətlə bağlı hərəkətləri əlaqələndirmək üçün gizli danışıqlar aparıblar.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, tərəflər Suriyadakı vəziyyəti, İsrail və İordaniyanın hazırda keçid hökumətini formalaşdıran qruplarla qarşılıqlı fəaliyyətini müzakirə ediblər. İclasda İordan çayının qərb sahilinə silah qaçaqmalçılığı təhlükəsinin artması mövzusu qaldırılıb ki, bu da Fələstin ərazisində vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Suriya ilə həmsərhəd olan İsrail və İordaniya ümumi təhlükəsizlik problemlərini həll etmək üçün birgə işləmək istədiklərini bildirirlər.