Cənubi Afrikadan olan fotoqraf Luke Bell evdə hazırlanan “Peregreen” kvadrokopterində sürət rekordu yaradıb. O, hər iki istiqamətdə yüz metrlik məsafəni orta hesabla təxminən 400 km/saat sürətlə qət edə bilib. Bell bununla kifayətlənməyərək daha sürətli cihaz yığmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, nəticədə sıfırdan yüksəksürətli kvadrokopter quraraq cihazın aerodinamik dizaynını tamamilə yenidən düzəldib.
“Peregreen-2” karbon lifli çərçivəyə, quyruğa və qabığa malikdir, hissələrin əksəriyyəti 3D printerdən hazırlanır. Onun T-Motor Velox 3115 900KV mühərrikləri, APD 120A 12S ESC və APC 7x11E pervaneləri var. Enerji mənbəyi Matek HCS-150 kontrolleri ilə idarə olunan 1800 mAh tutumlu iki Li-Po batareyasıdır. Uçuş nəzarətçisi – Matek F405-HDTE. Video qeydini yazmaq üçün şəffaf burun konusunda Insta 360 Go 3 hərəkət kameraları quraşdırılıb.
Sınaq zamanı dron 2 saniyəyə 300 km/saat sürət yığıb. Onun maksimal sürəti 510 km/saat olub. Bununla belə, sınaq məsafəsini qət edərkən dörd uçuşda orta sürət 480 km/saat təşkil edib.
Bu dron ən sürətli texnika kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.
Cəmilə