Fransanı izləyən uğursuzluqlar seriyası davam edir. Keçmiş müstəmləkələrindən - Nigerdən, Qabondan biabırcasına qovulan Emmanuel Makron hökuməti yeni-yeni uğursuzluqlarla üzləşməkdədir. Artıq Yelisey sarayının biabırçılıqları siyahısına Yeni Kaledoniyanı da əlavə etmək olar. Məsələ ondadır ki, son günlər Paris bu bölgədə ciddi problemlər yaşayır. Artıq bir həftədən artıqdır ki, Fransa dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərlə gündəm olub.
Səngimək bilməyən aksiyalara polisin ifrat müdaxiləsi nəticəsində 10-a yaxın insan həyatını itirib, 200 nəfərdən çox etirazçı saxlanılıb. Etirazlar zamanı sahibkarlara dəyən zərərin məbləğinin bir milyard avroya çata biləciyi vurğulanır. Bölgədə 12 gün müddətinə fövqəladə vəziyyət elan edilib. Fransa prezidenti Emmanuel Makron qanlı hadisələrdən on gün sonra baş verənlərə özünəməxsus qaydada reaksiya verib. Qanla boğmağa çalışdığı Yeni Kaledoniyada “asayişin bərpasında aydın irəliləyiş” olduğunu qeyd edib. Mediada yer alan xəbərlərə görə, prezident etirazları yatırtmaq üçün adaya əlavə ordu birləşmələri göndərmək qərarının qəbuluna nail olub. Bildirilib ki, ictimai binaları qorumaq və bununla da daxili təhlükəsizlik qüvvələrini müvəqqəti olaraq hərbi qüvvələrlə əvəz etmək üçün "əlavə resurslardan" istifadə ediləcək.
Makron imzalanan müqavilələri pozur
Məlumat üçün bildirək ki, Yeni Kaledoniyada yerli əhali olan kanaklar və gəlmə Fransa vətəndaşları birlikdə yaşayırlar. Ada xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və sair ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir. Onlar da, öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki, davam edir. Yeni Kaledoniyanın təxminən 300 min əhalisi var. Sakinlərin 40 faizini kanaklar təşkil edir. Adada təxminən 40 mindən çox fransız yaşayır. 1998-ci il “Numea müqaviləsi”nə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə, əyalət və parlament seçkilərində səsverməni "yalnız o vaxtkı sakinlərlə" məhdudlaşdırmağa razılaşıb.
Kaledoniya Fransa müstəmləkəsi olmaq istəmir
Məsələ ondadır ki, artıq ada əhalisi əvvəlki qaydada yaşamaq istəmir, Fransa isə buna qarşı çıxır. Yeni Kaledoniyada müstəqillik üçün dörd dəfə referendum keçirilib, boykotdan öncəki səsvermədə kiçik fərqlə (53,26%) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəlib. Buna baxmayaraq, müstəqillik istəyənlərin sayı getdikcə artır.
Qeyd edək ki, “Numea müqaviləsi”nin imzalanmasından sonra adada sonuncu referendum 2021-ci ilin dekabrın 12-də keçirilib. Lakin səsvermə yerli kanak xalqının böyük hissəsi tərəfindən boykot edilib. Nəticədə səs verənlərin 96 faizi müstəqilliyə “yox” deyib və bu da Yeni Kaledoniyanın Fransanın bir hissəsi kimi qalmasına gətirib çıxarıb. Bu ilin mayında isə Yeni Kaledoniya ərazisində təklif olunan seçki islahatı ətrafında müzakirələr zamanı iğtişaşlar baş verib. Referendumlar nəticəsində əldə edilən statistikalardan göründüyü kimi, Fransa bu ada dövləti zor gücü ilə öz təsir dairəsində saxlamaq istəyir.
Əksər ekspertlər hesab edirlər ki, beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil. BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa tərəfindən idarə olunan bir ölkədir. Onun öz müqəddəratını təyin etmək hüququ var.
Beynəlxalq ictimaiyyət də susqunluğunu pozur
Beynəlxalq birlik hələ də adada baş verənlərə göz yumur. BMT və beynəlxalq təşkilatlar, eləcə də Sakit Okean hövzəsi ölkələrinin rəhbərləri bölgədə baş verənlərə reaksiya vermirlər. Yalnız aksiyalardakı insan ölümlərindən sonra Beynəlxalq Amnistiya Təşkilatı (BAT) hərəkətə keçib. Qurum Fransanı Yeni Kaledoniyanın yerli xalqı - kanakların hüquqlarını qorumağa çağırıb. Təşkilatın Sakit okean bölgəsi üzrə araşdırmaçısı Kate Şutze Fransanın Yeni Kaledoniyada “TikTok” sosial media platformasının qadağan ediləcəyi ilə bağlı açıqlamalarına toxunub. Bildirib ki, əsaslı tələb olmadığı təqdirdə bu addımın atılması ifadə azadlığının pozulması kimi qiymətləndirilməlidir: “Etirazlara cavab olaraq qadağaların tətbiqi dünya hökumətləri üçün təhlükəli presedent yarada bilər. Fransa baş verənlərə ciddi reaksiya verməlidir. Hakimiyyət kanak xalqının yaşamaq və ifadə hüquqlarını qorumalı, müstəqillik istəyən insanlar öz fikirlərini dinc yol ilə ifadə edə bilməlidir”.
Bu gün mübarizə nikel uğrunda gedir
Bəs min kilometrlərlə uzaqda olan Yeni Kaledoniya Fransa üçün niyə bu qədər cəlbedicidir? Məsələ ondadır ki, burada Fransa üçün əhəmiyyətli olan nikel yataqları var. Ərazi nikel yataqlarının böyüklüyünə görə dünyada ilk onluğa daxildir. Rəsmi Paris bu yataqları hərtərəfli şəkildə istismar edir, amma qarşılığında Yeni Kaledoniya büdcəsinə çox az ödəniş edilir. Yeni Kaledoniyada dünyada təsbit edilmiş nikel yataqlarının 25%-i yerləşir. Bu gün nikelin bir tonunun qiyməti dünya bazarında 21150 dollara yüksəlib. Nikel “yaşil enerjiyə” və elektrik avtomobillərinə keçid üçün əsas faydalı qazıntılardan biridir. Yeni Kaledoniyanın faydalı qazıntılarına Çin və Britaniya-ABŞ koalisiyası da iddia edirlər. Çinin adaya təsir mexanizmləri yoxdur. Çünki adanın əhalisi xristianlardır, burada yaşayan çinlilərin sayı isə çox azdır. ABŞ-Britaniya koalisiyasının isə adaya həm maddi, həm də siyasi təsir mexanizmləri var. Əgər Yeni Kaledoniya tam müstəqil olsa, çox güman ki, bu koalisiyanın təsiri altına düşəcək. ("Kaspi" qəzeti)