Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ölkə ərazisində ümumilikdə 37 su ərazisində xilasetmə məntəqəsi fəaliyyət göstərir.
QÜTB.AZ xəbər verir ki, bunu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib.
İnsanların sulardakı təhlükəsizliyinin daha səmərəli təşkili üçün vakant matros-xilasedici vəzifələrinə müsabiqə elan olunduğunu qeyd edən Xidmət rəsmisi müsabiqə üçün lazımi tələblərdən də
danışıb:
“Kişilər üçün nəzərdə tutulan müsabiqədə 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər”.
O qeyd edib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhlükəsizlik tədbirləri görülür:
“Belə ki, aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılır. Monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız çimərlik ərazilərinin müəyyən edilməsidir. Həmçinin monitorinqlər zamanı çimərlik operatorlarına təhlükəsizlik qaydaları barəsində bildirişlər təqdim edilir. Əlavə olaraq, monitorinqlərin nəticəsi ilə bağlı yerli icra hakimiyyətlərində müşavirələr keçirilir və təhlükəli, istifadəyə yararsız çimərliklərdən əhalinin istifadə etməməsi üçün müvafiq tədbirlərin görülməsinə dair müzakirələr aparılır”.
A.Əlilinin sözlərinə görə, sularda fəaliyyət göstərən dalğıc və xilasedicilərə ixtisas kursları ilə yanaşı ilkin yardım vərdişləri də tədris olunur:
“Eyni zamanda, ilkin yardım vərdişləri xüsusi manikenlər üzərindən təcrübi olaraq da izah edilir. Suda boğulmaqdan xilas olunan vətəndaşlara dalğıc və xilasedicilər tərəfindən ilk yardım göstərilərək sahilə çatdırılır və məntəqələrdə bizimlə yanaşı xidmət aparan həkim briqadalarına təhvil verilir”.
Xidmət rəsmisi çimərlik mövsümündə əhalinin daha diqqətli olması üçün xüsusi məsləhətlər də verib:
“FHN-in təqdim etdiyi statistik məlumatlara əsasən hər il çimərliklərdə yüzlərlə insan xilas edilir və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmır. Bu, onu deməyə əsas verir ki, çimərliklərdə və digər su hövzələrində boğulmanın əsas səbəbi çimmək üçün nəzarətsiz su obyektlərinin seçilməsidir. Məntiqlə yanaşsaq, əgər biz çimərlikdə boğulma təhlükəsi ilə üz-üzə qalırıqsa, bizim köməyimizə xilasedici gəlməlidir və əgər çimərlikdə xilasedici yoxdursa, demək ki, orada həyatımız təhlükədədir. Buna görə də çimərlik seçimində diqqətli olmalı, nəzarətsiz çimərliklərdə istifadədən çəkinməliyik.
Suda boğulmanın digər səbəbləri küləkli, dalğalı hava şəraiti, sualtı daş, qaya parçaları, dəmir-beton kimi yad cisimlərin qalıqlarının insanları zədələməsi, sualtı yarğanlar, çuxurlar, burulğanlar, axınlar, qəfləti dərinlik, təşviş və müxtəlif xəstəliklərdir”.
Çimərlikdə diqqət edilməsi vacib məqamlara toxunan A.Əlili deyib:
“Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə üzmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara çıxmaq, küləkli havada dənizə girmək olmaz. Eyni zamanda bilmək lazımdır ki, sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək, çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq həyatımız üçün ciddi təhlükə yaradır. Bununla yanaşı, suda kobud hərəkətlər etmək, çimərliyi məişət və digər tullantılarla zibilləmək, ev heyvanları gətirmək, balıq tutmaq, müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq, çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması qadağandır. Yadda saxlamaq lazımdır ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli, nəzarətsiz qalmamalıdır. Yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir. Eyni zamanda, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməli, xəbərdaredici nişanların və lövhələrinin tələbləri nəzərə alınmalıdır. Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!”
Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü adətən iyunun ortasında açıq elan edilir.