Xəbər verdiyimiz kimi, 28 fevral tarixində Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan mətbuatının məlumatına görə, hərbçimiz sözügedən ölkə tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb.
Publika.az xəbər verir ki, Ruslan Pənahovun atası Eldəniz Pənahov Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı dövlət qurumlarının mütəmadi iş apardıqlarını bildirib:
"Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam. Bir azdan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəyəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat deyilmir.
Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daim əlaqə saxlayırlar və müvafiq qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qızıl Xaç Komitəsi övladımla onlayn görüş təşkil edəcəklərini deyiblər. Vaxt bildirilməyib".