Enerji içkiləri əhvalınızın yüksəlməsinə kömək edə bilər. Lakin elm adamları onların ciddi sağlamlıq problemlərinə də səbəb olduğu ilə bağlı xəbərdarlıq edirlər.
Publika.az xəbər verir ki, tədqiqatlar enerji içkilərinin çox istehlak edilməsinin ürək fəsadlarından xərçəng riskinin artmasına, hətta depressiyaya qədər ciddi nəticələrə səbəb ola biləcəyini ortaya çıxarıb.
Bu içkilər aritmiya kimi tanınan anormal ürək ritmləri riskini artıra bilir. Tədqiqatçılar bu riskin yuxu çatışmazlığı, pəhriz saxlamaq, həddindən artıq oruc tutma, siqaret və antibiotik kimi digər həyat tərzi faktorları ilə birləşərək bəzi xəstələrdə qəfil ürək dayanmasına səbəb ola biləcəyini vurğulayırlar.
Bəzi ekspertlər çoxlu enerji içkilərinin tərkibində şəkər və taurinin yüksək səviyyədə olması səbəbindən kolon xərçəngi riskinizi artıra biləcəyindən şübhələnirlər. Ət, balıq və yumurtada çox rast gəlinən amin turşusu olan taurin bir çox enerji içkisinə əlavə edilir. Onun zehni performansı yaxşılaşdırmağa və enerji artımına kömək etdiyi deyilir. Lakin onun yoğun bağırsaq xərçəngi olan insanların bağırsaqlarındakı zərərli bakteriyaları qidalandırdığı və böyüməsini sürətləndirdiyi də iddia edilir.
İnsan nə qədər çox enerji içkisi içirsə, gecələr bir o qədər az yatır və bu da gündüz yorğunluğuna səbəb olur. İçkilərin tərkibində 150 mq-a qədər kofein olması da buna təsir edə bilər. Bu içkilərdən istifadə edən gənclərin psixi sağlamlıqlarının daha pis olduğu və daha çox narahatlıq, depressiya, qidalanma pozğunluğu və intihara cəhd göstərdiyi də aşkar edilib.
"Enerji içkilərinin psixi sağlamlıq problemlərinə səbəb ola biləcəyinə dair detallar bizi dərindən narahat edir", - Nyukasl Universitetinin ictimai səhiyyə eksperti və tədqiqatın həmmüəllifi Şelina Visram bildirib.
Roza Şəfiyeva